Nodirbek Abdusattorov: “Vüqar Həşimov Memorialına qayıtdığım üçün şadam”

Xəbərlər
1 Oktyabr 2024 10:53
503
Nodirbek Abdusattorov: “Vüqar Həşimov Memorialına qayıtdığım üçün şadam”

“Vüqar Həşimov Memorialına qayıtdığım üçün şadam - həmişə olduğu kimi, maraqlı turnir idi”.

İdman.biz xəbər verir ki, bunu Şuşada keçirilən yubiley turnirində ikinci yeri tutan özbək şahmatçısı Nodirbek Abdusattorov deyib.

O, rapiddə üçüncü, blitsdə isə birinci olsa da, ümumi nəticədə qalib Yan Nepomnyaşidən bir xal geri qalaraq ikinci yerdə qərarlaşıb.
Abdusattorov çıxışı ilə bağlı bunları qeyd edib: “Blitsdə yaxşı oynadım, amma rapiddə daha yaxşı çıxış edə bilərdim. Rapiddəki nəticələrimdən məyus oldum, daha çox xal toplaya bilərdim. Üstəlik, Nepomnyaşiyə məğlub oldum və bəlkə də bu, sonradan turnirin nəticəsini onun xeyrinə müəyyən etdi. Amma Yanın daha yaxşı oynadığını da qeyd etmək lazımdır”.

2022-ci ildə Həşimov Memorialının qalibi olmuş Abdusattorov etiraf edib ki, yenidən iştirakçılar arasında olmaqdan şaddır.

“Bu turnirdə hər kəs bacardığını ən yaxşı tərəfdən göstərmək, ən yaxşı oyununu nümayiş etdirmək istəyir. Bu, çox cəlbedicidir, oynamaq xoşdur”, - deyə son olimpiadanın bürünc mükafatçısı əlavə edib.

Nodirbek Vüqar Həşimovla bağlı xatirələrini də bölüşüb: “Vüqarın özünəməxsus oyun tərzi var idi, lövhədə aqressiv və dinamik hərəkət edirdi. O, qalib ruhlu şahmatçı idi”.

İdman.biz