Şəhriyar və Teymurun London oyunları, yaxud Qlobal Liqanın kriketlə nə əlaqəsi var?

Xəbərlər
8 Oktyabr 2024 17:04
533
Şəhriyar və Teymurun London oyunları, yaxud Qlobal Liqanın kriketlə nə əlaqəsi var?

Şahmatda son günlərin əsas hadisəsi Londonda keçirilən Qlobal Liqadır. Burada 6 turdan sonra komandaları ilk üçlükdə qərarlaşan azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da çıxış edir. Adıçəkilən turnir nədir, onun xüsusiyyətləri hansılardır? Bu haqda danışaq.

İdman.biz xəbər verir ki, bu, françayzinq əsasında fəaliyyət göstərən ilk və ən böyük Qlobal Şahmat Liqasıdır.

"Françayzinq" termini Amerika peşəkar idmani ilə əlaqəlidir, burada özəl sahiblər liqadan iştirakçı komandaları idarə etmək hüququnu alır və liqanın televiziya hüquqlarının satışından, sponsorluqdan və bilet satışından əldə etdiyi gəliri bölüşürlər.

Qlobal Şahmat Liqasının təşkilatçıları onu sponsorlardan 10 milyard dollar həcmində vəsait cəlb edən və idmanın bu növündə inqilab edən kriket üzrə Hindistan Premyer Liqası (IPL) əsasında inkişaf etdirirlər. Əsas ideya bütün ulduzları bir yerə toplamaq və onları şərti komandalar arasında bölüşdürməkdir. Şahmatın fərdi idman növü olması konsepsiyaya mane olmaqdan çox kömək edir.

Turnirin qaydaları tanış və qeyri-adi şərtləri birləşdirir. Hərəsi altı şahmatçıdan ibarət altı komanda 10 tur ərzində bir-biri ilə iki dəfə oynayır. İlk iki yeri tutanlar final matçında qalib adı uğrunda mübarizə aparır. Bu il vaxt əlavə edilmədən hər oyun üçün 20 dəqiqədir. Qarşılaşmada qalib gələnlərə 3 xal verilir.

Liqanın daha bir özəl yeniliyi - ağlarla qələbə matç hesabına 3 xal, qaralarla qələbə isə 4 xal gətirir. Hər matçda eyni komandanın bütün oyunçuları eyni rəngdə - ağ və ya qarada oynayır. Beləliklə, əgər komandalar qələbələri əvəz-əvəz edərsə, görüş heç-heçə yox, qaraların qələbəsi ilə başa çatır.

Komandaların heyəti ən güclü oyunçuları və ya “ikonları” ilə draftda seçilib: dünya çempionları Karlsen və Anand, həmçinin Nakamura, Giri, Vaşye-Laqrav və Firuzca.

Təşkilatçılar vurğulayırlar ki, televiziya yayımı onlar üçün prioritetdir və bütün altı lövhədə saatı eyni vaxtda deyil, eyni anda iki lövhədə işə salırlar ki, şərhçilər hər oyunun debütü barədə nəsə deməyə vaxt tapsınlar.

Turnir böyük miqyasda təşkil olunub və Easton Roaddakı "Light Auditorium of Friends House" zalı böyük təəssürat yaradır. Sponsor reklamlarının bolluğu, zalın mərkəzindəki oyun meydançası və tavanın altındakı nəhəng tetraedral rəqəmsal tablo şahmat turnirində deyil, boks matçında olmağın təəssüratını yaradır.

Qeyd edək ki, 6 turdan sonra heyətində Şəhriyarın da yer aldığı “Alaskan Knights” liderdir, Rəcəbovun üzvü olduğu “Triveni Continental Kings” isə 3-cü yerdədir.

İdman.biz