Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin son durumu bəlli olub.
Bu barədə İdman.biz-ə mərhum qrossmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.
O bildirib ki, valideynlərinin vəziyyəti artıq stabildir: “Hər ikisi hələlik reanimasiyadadırlar. Atam riskli dönəmi arxada qoyub. Həkimlər müalicəsini davam etdirirlər. Anamın isə xəstəxanasını dəyişdik. “Liv Bona Dea”ya köçürdük. Həkimlər anamı hələlik cərrahiyyə əməliyyatı etmirlər. Müəyyən müddət müalicədən sonra bu, reallaşacaq. Əlində və ayağının iki yerində sınıqlar var. 6 dəfə əməliyyat keçirməlidir. Atam isə elə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur. Özləri ilə hər gün danışıram, gedib baş çəkirəm. Ümid edirik ki, hər şey daha yaxşı olacaq”.
Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.
Banuçiçək Hüseynli
İdman.biz