Dekabrın 26-31-də Nyu-Yorkda keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirakçıların siyahısı yeniləndikdən sonra Azərbaycanın aparıcı şahmatçılarının start mövqeləri dəyişməz qalıb.
İdman.biz xəbər verir ki, ən yüksək göstəricilər Şəhriyar Məmmədyarova məxsus olacaq.
O, rapid yarışında 13-cü, blitsdə isə 22-ci start nömrəsinə sahibdir. Sürətli şahmatın hər iki versiyası üzrə siyahıda birinci nömrə keçmiş dünya çempionu, dünya reytinqinin lideri Maqnus Karlsendir.
Qadın şahmatçılara gəlincə, ən yüksək göstərici Günay Məmmədzadəyə məxsus olacaq. O, blitsdə 15-ci, rapiddə isə 39-cudur.
Qeyd edək ki, Nyu-Yorka 15 şahmatçımız yollanacaq. Dünya çempionatında, həmçinin Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova çıxış edəcəklər.
İdman.biz