“Şahmat və FIDE üçün əla il oldu - idmanımızın gələcəyini formalaşdıracaq uğur və mərhələlərlə dolu müstəsna bir il".
İdman.biz xəbər verir ki, bunu FIDE-nin prezidenti Arkadi Dvorkoviç ilin yekunları barədə danışarkən deyib.
O, şahmat aləmində baş verən mühüm hadisələrdən danışıb: “FIDE-nin 100 illik yubileyini bütün dünyada qeyd etməkdən tutmuş Torontoda keçirilən İddiaçılar turniri, Budapeştdə 45-ci Olimpiada və FIDE Konqresi, həmçinin Sinqapurda dünya çempionu tacı uğrunda matça qədər 2024-cü il şahmatın gücünü və qlobal əhatə dairəsini nümayiş etdirdi. Biz qadınların Qran-Prisini yenilənmiş formatda təqdim etməklə onu təkmilləşdirməyə davam etdik. Bundan əlavə, biz korporativ dünya çempionatının finalını Nyu-Yorkda və Qlobal Şahmat Liqasının ikinci mövsümünü Londonda keçirməklə şahmat üçün yeni imkanlar açdıq. Həmçinin FIDE 24 saat ərzində ən çox - 7284970 şahmat oyunu keçirərək heyrətamiz nəticəyə imza atıb və Ginnesin Rekordlar Kitabına düşüb!".
O, 2024-ü Hindistan şahmatının ili adlandırıb: “Bu il həm də Hindistan şahmatının ili kimi yadda qalacaq. Açıq və qadın olimpiadalarında tarixi qələbələr və Qukeş Dommaracanın ən gənc dünya çempionu kimi zəfəri ilə Hindistan şahmat Akropolunda öz layiqli yerini tutub”.
Dvorkoviç həmçinin yarış mövsümünün hələ bitmədiyini də xatırladıb: "2024-cü ilin son günlərini yaşayarkən, gözəl bir il üçün uyğun final olan Nyu-Yorkda dünya rapid və blits çempionatını səbirsizliklə gözləyirik!".
FIDE prezidenti həyata keçirilən layihələrdən də bəhs edib: “Bu il FIDE üçün bayram və tərəqqi ili oldu. Biz Keniyadakı Kakuma qaçqın düşərgəsindən tutmuş "Uoll Strit" və onun hüdudlarından kənara kimi bütün qitələrdə şahmatın əhatə dairəsini genişləndirib, hər səviyyədə oyunçuları və insan toplumlarını cəlb etmişik. Gərgin iş və əməkdaşlıq sayəsində biz dünya səviyyəli tədbirlər keçirib, yeni sponsorlar cəlb edib, şahmatı sevən hər kəs üçün geniş imkanlar yaratmışıq. Daha artığını etmək üçün çox çalışmaqda davam edirik”.
Dvorkoviç əlavə edib ki, 2025-ci ildə FIDE-nin yeni təşəbbüsü - Sosial Şahmat İli başlayacaq: “Tədbirin məqsədi şahmatı dünyanın müxtəlif yerlərindəki insanlara çatdırmaqdır və bu, şahmatın bütün səviyyələrdə hamı üçün əlçatan olması ilə bağlı missiyamızın davamıdır”.
İdman.biz