Kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, ulduz şahmatçılar matçdan öncə Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşüb, şəkil çəkdiriblər.
Azərbaycan Şahmat Federasiyası və “YAŞAT” Fondunun birgə təşkilatçılığıyla reallaşan layihədə maraqlı anlar yaşanıb. 1 orden və 13 medalla təltif olunan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Arazın arzusu həyata keçirilib. Araz Şadmanov uzun illər internetdən izlədiyi Şəhriyar Məmmədyarovla tanış olub. Araza şahmat yolunda uğurlar arzulayan Məmmədyarov balaca fanatıyla yenə də görüşəcəyini bildirib.
Daha sonra şəhid övladlarına xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, reytinqə əsasən yüksək əmsala malik bəzi aparıcı qrossmeysterlər yarışa 1/8 finaldan qoşulub. Ölkə şahmatında ilk dəfə çempionatda bütün aktiv şahmatçılar iştirak edir. Olimpiya sistemiylə keçirilən yarışda şahmatçılar bir-biriylə həm ağ, həm qara fiqurlarla mübarizə aparır. İki oyundan sonra bərabərlik qeydə alınacağı təqdirdə tay-brek oynanılır. Yarışı daha maraqlı etmək üçün tay-brek olmadan mərhələ adlayan şahmatçı yekunda bonus pul mükafatı qazanır.
Aytac Sahəd
İdman.biz