“Bu, Azərbaycan şahmat tarixinin ilk ən güclü çempionatıdır”.
İdman.biz xəbər verir ki, bunu beynəlxalq qrossmeyster Namiq Quliyev Azərbaycan Şahmat Federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, bu il keçirilən Azərbaycan çempionatı digərlərindən çox fərqlənir: “Əvvəllər də belə bir yarışın təşkilinə səylər göstərilib. Ancaq bütün şahmatçıları hər dəfə bir araya yığmaq mümkün olmurdu. Sevindirici haldır ki, nəhayət, belə bir çempionat baş tutdu”.
Quliyev 1/8 finalda Teymur Rəcəbova məğlub olmasının səbəblərini açıqlayıb: “Birinci mərhələdən keçə bildim, ardınca isə dünyanın ən güclü şahmatçılarından biri olan Teymur Rəcəbovla qarşılaşdım. İlk oyunda heç bir problemim yox idi. Ancaq matçın sonuna yaxın kobud bir səhv etdiyim üçün uduzdum. İkinci oyunda isə sona qədər təzyiq göstərdim. Ümumi nəticəyə əsasən məğlub olub, turniri dayandırdım. Teymurla qarşılaşmada sanki finalda oynayırsan. Onun çox böyük bilik və təcrübəsi var. Fikrimcə, final hamının gözlədiyi kimi olmaya bilər. Yəni Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov matçını görməyə də bilərik”.
Qeyd edək ki, Quliyev 0,5:1,5 hesabı ilə uduzub.
İdman.biz