Misrətdin İskəndərov: "Klassik şahmatda Teymur Rəcəbova uduzmayacağımı düşünürdüm"

Xəbərlər
14 Fevral 2025 14:25
83
Misrətdin İskəndərov: "Klassik şahmatda Teymur Rəcəbova uduzmayacağımı düşünürdüm"

"Üçüncü yer uğrunda görüşün yaxşı keçəcəyini, klassik şahmatda uduzmayacağımı düşünürdüm".

İdman.biz xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında şahmat üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı Misrətdin İskəndərov deyib.

30 yaşlı qrossmeyster Teymur Rəcəbovun səhhətindəki problemə görə üçüncü yer uğrunda görüşə qatılmamasına münasibət bildirib:

"Daha əvvəl onunla qarşılaşmamışam. Yarımfinalda Şəhriyar Məmmədyarova uduzsam da, bu görüşdən sonra özümə inamım artdı. Yaxşı oynamışdım. Növbəti dueldə də özümə inanırdım. Fikrimcə, oyun tay-brekə qədər davam edəcəkdi".

İskəndərov tarixin ən güclü Azərbaycan çempionatının keçirildiyini söyləyib: "Bu qədər güclü şahmatçının qatıldığı turnir olmayıb. Yarış mənim üçün uğurlu alındı. Reytinqdə məndən yuxarıda olanlara qalib gələ bildim. Yarımfinalda Şəhriyara yenildim. Üçüncü yer uğrunda Teymur Rəcəbovla oynamaq istəyirdim. Amma səhhətindəki problemə görə oynaya bilmədi. Bu səbəbdən üçüncü yeri tutdum".

O, qarşıdakı hədəflərindən də söz açıb: "Bu yarışdakı nəticəyə əsasən Avropa çempionatına vəsiqə qazandım. Martda Rumıniyada keçiriləcək kişilərin şəxsi Avropa çempionatında mübarizə aparacağam. Orada uğurlu çıxış edərək, Dünya Kubokuna vəsiqə qazanmaq istəyirəm".

İdman.biz