Rauf Məmmədov və Günay Məmmədzadə Azərbaycan çempionu olublar - YENİLƏNİB

Xəbərlər
15 Fevral 2025 18:03
142
Rauf Məmmədov və Günay Məmmədzadə Azərbaycan çempionu olublar - YENİLƏNİB

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-brek görüşləri baş tutub.

İlk iki partiyada qalibi müəyyənləşdirə bilməyən cütlər yenidən lövhə arxasına keçiblər. Kişilərin mübarizəsində iki dəfə heç-heçə edən Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gəliblər. Tay-brekdə rəqibindən üstün olan Məmmədov qələbə qazanaraq birinci yeri tutub. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.

Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva qalib adı uğrunda oynayıblar. Daha inamlı çıxış edən Məmmədzadə çempion tituluna yiyələnib. Bürünc uğrunda görüşdə isə Gülnar Məmmədova Ülviyyə Fətəliyevanı məğlub edərək, mükafatçılar arasında yer alıb.

Qeyd edək ki, yarışın bağlanış və mükafatlandırma mərasimi saat 19:00-da baş tutacaq.

***

11:28

Bu gün şahmat üzrə Azərbaycan çempionatına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-brek görüşləri baş tutacaq.

İlk iki partiyada qalibi müəyyənləşdirə bilməyən cütlər yenidən lövhə arxasına keçəcək. Kişilərin mübarizəsində iki dəfə heç-heçə edən Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gələcək.

Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirmədiyindən artıq üçüncü yerin sahibi dəqiqləşib. Misrətdin İskəndərov oynamadan bu hüquqa yiyələnib.

Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva çempionu müəyyənləşdirməyə çalışacaq.

Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva da növbəti qələbə ilə 3-cü olmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, yarışın bağlanış və mükafatlandırma mərasimi saat 19:00-da baş tutacaq.

İdman.biz