Azərbaycan Şahmat Federasiyası və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olan Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, "Landmark"da təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himninin səsləndirilib.
Ardınca Qənirə Paşayevanın ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Milli Məclisin deputatı Arzu Nağıyev çıxışında turnirin əhəmiyyətindən bəhs edib. O bildirib ki, yarışda titullu şahmatçıların iştirakı olduqca önəmli məqamdır.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qənirə Paşayevanın təkcə Azərbaycan üçün yox, ümumilikdə türk dünyası üçün önəmli şəxsiyyət olduğunu vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Yurdagül Aydağan çıxışında turnirin ənənəvi təşkilinin vacibliyini qeyd edib.
Qənirə Paşayevanın anası Tehran Paşayeva yarışın təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.
Şahmat Federasiyanın vitse-prezidenti və yarışın baş hakimi Faiq Həsənov yarış iştirakçılarına uğurlar arzulayıb və turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini vurğulayıb.
Daha sonra yarışın püşkatma mərasimi baş tutub.
Qeyd edək ki, martın 6-dək davam edən turnirdə Azərbaycanı Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edəcək. Eyni zamanda yarışda Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da güclərini sınayacaqlar.
Ümumi mükafat fondu 30 000 manat olan turnir rapid və blits üzrə keçiriləcək. Qalib hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək. Yarışın baş hakimi Faiq Həsənov olacaq.
Aytac Sahəd
İdman.biz