Azər Mirzoyev: “40 yaşdan sonra müasir şahmatda rəqabət aparmaq çətindir”

Xəbərlər
1 Aprel 2025 11:26
45
Azər Mirzoyev: “40 yaşdan sonra müasir şahmatda rəqabət aparmaq çətindir”

“Bir-iki dəfə uğursuzluq yaşadığım şəhərlərə və turnirlərə çalışıram ki, qatılmayım”.

Bunu İdman.biz-ə Azərbaycan şahmatçısı Azər Mirzoyev deyib.

Qrossmeyster Macarıstanın paytaxtında keçirilən “SixDays Budapest March 2025” turnirində iştirakını dəyərləndirib: “Peşəkar şahmatçı kimi hər zaman oynamağı xoşlamışam. Halbuki 40 yaşdan sonra müasir şahmatda rəqabət aparmaq çətindir. Martda Macarıstanda keçiriləcək turnirə dəvət alanda bu dəfə də oynamağa qarar verdim. Düşünürəm ki, bütün idman növlərində olduğu kimi şahmatda da əlamətlərə inanc var. Bu mənada Budapeşti düşərli hesab edirəm. Çünki hələ ötən ilin noyabrında burada keçirilən yarışda qalib olmuşdum. Bu turnirin orta əmsalı 2400 civarında idi. Çin, Rusiya, Hindistan, Meksika, Macaristan və Monqolustan şahmatçıları iştirak edirdilər. Bütün turnir məsafəsini məğlubiyyətsiz keçdim, dairəvi yarışlarda bu çox vacib amildir - 4 qələbə və 5 heç-heçə. Son illər Hindistanda şahmat sürətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, 2-ci və 3-cü yerləri elə bu ölkənin təmsilçiləri tutdu”.

Mirzoyev gələcək planlarından da bəhs edib: “Qarşıda “Baku Open” və bu ildən isə yenilik olaraq, “Azərbaycan Şahmat Turu” gözlənilir. Bu yarışların bəzilərində iştirak etməyi düşünürəm”.

Qeyd edək ki, Mirzoyev “SixDays Budapest March 2025”da qrossmeysterlərin B yarışının qalibi olub. Dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı iştirak edib.

Aytac Sahəd
İdman.biz

Məqalədə: