“Yarışın yaxşı keçdiyini düşünürəm”.
Bunu İdman.biz-ə qadınlar arasında şahmat üzrə Avropa çempionatından Dünya kubokuna vəsiqə qazanmış Azərbaycan şahmatçısı Gülnar Məmmədova deyib.
Qrosmeyster Yunanıstanın Rodos adasında keçirilən yarışdakı çıxışını dəyərləndirib: “Hədəfim əlbəttə ki, ilk "üçlük" idi. Həmçinin istəyirdim ki, Dünya kubokuna vəsiqə qazanım.
Yarış müddətində on bir oyun keçirdim. Altısı ağ, beşi qara fiqurlarla. Qaralarla oyunlarımın birində məğlub olsam da, digərləri rahat oldu. Ağlarla qarşılaşmalarım isə bir qədər çətin keçdi. Reytinqdə müəyyən fərqlər olsa da, demək olar ki, bütün rəqiblər eyni səviyyədə idi.
Sadəcə bir oyunda məğlub oldum. Həmin oyunda azı heç-heçə etsəydim, bəlkə də medal şanslarımı saxlaya bilərdim. Çünki medaldan məni yarım xal ayırdı”.
Məmmədova gələcək yarışlardan da danışıb: “Yay aylarında Dünya kuboku var. Bu yarışa çox yaxşı hazırlaşmaq istəyirəm. Çalışacam ki, ona kimi bir turnirə də qatılım. Ancaq hazırda Dünya kubokuna fokuslanmışam”.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. Son turda qələbə qazanan şahmatçımız Dünya kubokuna sonuncu vəsiqəni verən 10-cu yeri tutub. O, 7,5 xal toplayıb.
Aytac Sahəd
İdman.biz