Yunanıstanın Rodos adasında yekunlaşmış qadın şahmatçıların Avropa çempionatında şahmatçılarımızdan Gülnar Məmmədova ilk “onluğ”a daxil olaraq Dünya kubokuna vəsiqə qazanması, Avropa çempionu Ülviyyə Fətəliyeva bu dəfə 24-cü yerlə kifayətlənməsi, Türkan Məmmədyarova isə qələbə seriyası ilə diqqəti çəkdi.
İdman.biz Azərbaycan şahmatçılarının Rodosdakı çıxışını rəqəmlərin dili ilə dəyərləndirir.
Yarışa qatılan şahmatçılarının sayına görə çempionatın 34 iştirakçı ölkəsi arasında 5-ci göstəriciyə malik Azərbaycanın 8 təmsilçisindən 4-ü reytinq mövqeyinə görə yarışda daha üstün, 4-ü isə aşağı nəticə göstərdi. Şahmatçılarımızdan bu baxımdan ən yüksək performansı Türkan Məmmədyarova göstərdi. Yarışın 136 iştirakçısı arasında reytinqcə 62-ci olan Türkan bundan 22 pillə üstün – 40-cı mövqeni tutdu. Turnirdə təmsilçilərimizdən ən yüksək nəticə göstərən şahmatçımız Gülnar Məmmədova start siyahısında 27-ci olsa da, 17 pillə üstün 10-cu yeri tutaraq, Dünya kubokuna vəsiqə qazandı. Nərmin Abdinova 12 (72 - 60), Lalə Hüseynova 10 (100 - 90) pillə yuxarı mövqedə qərarlaşdı.
Ən böyük eniş turnirdə ən yüksək reytinqli şahmatçımız olan Gövhər Beydullayevada oldu. Start siyahısında 11-ci olan Gövhər yekunda 17 mövqe aşağı – 28-ci yeri tutdu. Səbinə İbrahimovanın enişi 16 pillə oldu (66 - 82). Ülviyyə Fətəliyeva çempionatı 9 (15 - 24), Ayan Allahverdiyeva 8 pillə (45 - 53) enişlə başa vurdu.
Qitə çempionatının yekununda şahmatçılarımızdan reytinqini ən çox artıran Nərmin Abdinova oldu. O Rodosda reytinqini 55,60 bənd artırdı. Səbinə İbrahimovanın qazancı 15,00, Türkan Məmmədyarovada 9,80, Gülnar Məmmədovada 9,50, Lalə Hüseynovada cəmi 0,80 oldu. 3 şahmatçımız isə geriləməyə məruz qaldı. Ülviyyə Fətəliyeva 13,10, Gövhər Beydullayeva 5,50, Ayan Allahverdiyeva 4,00 bal itirdi.
Çempionatda ən çox qələbə qazanan şahmatçımız Ülviyyə Fətəliyeva oldu. O, 11 görüşdən 6-da qalib gəldi. Ardıcıl qələbələrin sayına görə isə rekordçumuz 4 qələbəni sıralayan Türkan Məmmədyarova oldu.
Ən az məğlubiyyəti Gülnar Məmmədova aldı. O cəmisi 1 dəfə rəqibinə təslim oldu.
Türkan Məmmədyarova 9-cu turda özündən 169 xal yuxarı reytinqə malik türkiyəli şahmatçı Yekaterina Atalıka qalib gəlib. Lalə Hüseynova isə 3-cü turda özündən 158 xal üstün polşalı Mixalina Rudzinskayanı məğlub edib.
Vüqar Məmmədov
İdman.biz