Azərbaycan şahmatçısı Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində keçirilən “Grenke Chess” beynəlxalq turnirindəki çıxışını dəyərləndirib.
İdman.biz xəbər verir ki, 36 yaşlı qrossmeyster "Report"a açıqlamasında son anadək ilk "3-lük"də yer almaq şansının olduğunu deyib.
"Axırıncı oyun çox gərgin keçdi. Qalib gəlsəydim, ikinci yeri tuta bilərdim. Amma heç-heçə oldu. 6,5 xalla 9-14-cü yerləri bölüşdürdüm. Məncə, belə bir yarış üçün normal nəticədir. Bütün şahmat elitası orada idi və xüsusən də Maqnus Karlsen. Təəssüf ki, səkkizinci oyunda ona məğlub oldum. Maqnus bu turnirdə hamıya qalib gəldi. Maraqlı olsa da, çox çətin yarış oldu. Beş gün ərzində doqquz klassik oyun keçirdik. Burada 1-10-cu yeri tutanlar "Freestyle Gran-pri" xalı alırlar. Çox olmasa da, mən də ilk xallarımı qazandım", - deyə R.Məmmədov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədov və Faiq Ələsgərov sözügedən turnirdə daha zəif çıxış ediblər.
İdman.biz