Rauf Məmmədovdan “Çempionların savaşı”da rəqibinin dəyişməsinə MÜNASİBƏT

Xəbərlər
23 Aprel 2025 17:47
228
Rauf Məmmədovdan “Çempionların savaşı”da rəqibinin dəyişməsinə MÜNASİBƏT

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov Bakıda keçiriləcək “Çempionların savaşı” turnirində rəqibinin dəyişməsinə münasibət bildirib.

İdman.biz xəbər verir ki, bu barədə “Report”a açıqlamasında şahmatçı məsələyə aydınlıq gətirib.

O, səhhəti ilə əlaqədar turnirə qoşulmayacağı müəyyənləşən hindistanlı dünya çempionu Vişvanatan Anandın əvəzinə qarşılaşacağı özbəkistanlı Rüstəm Kasımcanovla maraqlı oyun keçəcəyini bildirib: "Düzünü desəm, Anandla mübarizə üçün hazırlığa başlamışdım. Amma Rüstəm də böyük şahmatçıdır və dünya çempionudur. O, ən çox sevdiyim qrossmeyster Maykl Adamsı məğlub edərək dünya çempionu olub. Mübarizə aparmağa çalışacağam. Məni maraqlı oyun gözləyir"

Məmmədov rəqibinin son vaxtlar dünyanın ən yaxşı müəllimi sayıldığını vurğulayıb: "Bir dəfə klassik şahmatda Rüstəmlə heç-heçə oynamışıq. Blits və rapid növlərində də görüşlərimiz olub. Şuşada ona qalib gəlmişdim. Anandla Rüstəmi müqayisə etmək bir az çətindir. Onu deyə bilərəm ki, Rüstəmin açılışları çox güclüdür. Son vaxtlar dünyanın ən yaxşı müəllimi sayılır. Ümumiyyətlə, həm Kasımcanov, həm də Anand Fabiano Karuana ilə işləyiblər. Çox güclüdürlər. Amma Maqnus Karlsendən sonra. Hamı ilə mübarizə aparmaq mümkündür. Lakin Maqnusla oynamaq çox çətindir. O, sadəcə, inanılmazdır".

Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 27-dən 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Digər görüşdə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə münasibətləri aydınlaşdıracaq.

İdman.biz

Məqalədə: