“Çempionların savaşı” turnirinin açılış mərasimi olub - FOTO - VİDEO

Xəbərlər
28 Aprel 2025 16:45
263
“Çempionların savaşı” turnirinin açılış mərasimi olub - FOTO - VİDEO

Milli Xalça Muzeyində şahmat üzrə “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, öncə xalça sənətinə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova turnir üçün məhz bu məkanın seçilməsinin təsadüf olmadığını bildirib: “Muzeyimizin tarixində ilk dəfə olaraq beynəlxalq şahmat turniri keçirilir. Bilirik ki, şahmat həmişə yüksək zəkanın göstəricisi hesab olunur. Ümid edirəm ki, burada gördüyünüz xalçalar şahmatçılara müsbət təsir göstərəcək”.

Daha sonra turnirə həsr olunan videoçarx nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov şahmatçılara uğurlar arzulayıb. O, bu cür turnirlərin mütəmadi şəkildə keçirilməsini müsbət məqam kimi qiymətləndirib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç çıxışında mədəniyyətlə idmanın vəhdətindən danışıb: “Biz bir məkanda şahmatla mədəniyyətin vəhdətini görürük. Əziz şahmatçılar, inanıram ki, burada oynamaqdan zövq alacaq, həmçinin rəssamlara ilham mənbəyi olacaqsınız”.

Sonra Mahir Məmmədov Arkadiy Dvorkoviçə xatirə hədiyyəsi təqdim edib.

Daha sonra turnirin püşkü atılıb.

Qeyd edək ki, yarışda Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparacaq. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Turnir aprelin 30-dək davam edəcək.

Aytac Sahəd
İdman.biz