Zeynəb Məmmədyarova qadın şahmatçılarımızın uğurunun sirrini, kişilərin zəif nəticəsinin səbəbini açıqlayıb

Müsahibə
21 Noyabr 2023 15:25
702
Zeynəb Məmmədyarova qadın şahmatçılarımızın uğurunun sirrini, kişilərin zəif nəticəsinin səbəbini açıqlayıb

“Qadın şahmatçılarımızdan bu nəticəni gözləyirdim. Onlara inamım böyük idi”.

Bunu İdman.biz saytına müsahibəsində Azərbaycan millisinin sabiq şahmatçısı Zeynəb Məmmədyarova deyib.

40 yaşlı qrossmeyster Monteneqronun Budva şəhərində komandalararası Avropa çempionatına qadınlardan ibarət yığmamızın gümüş medal qazanmasını şərh edib. O bildirib ki, tarixi uğura imza atmağımızda şahmatçılarımızın komanda şəklində mübarizə aparmaları mühüm rol oynayıb: “Onlar hər zaman birlikdə hərəkət edirlər. Yaxşı dostluqları var və günlərini də birlikdə keçirlər. Qələbənin əsas səbəblərindən biri budur. Həmçinin son yarışlarda uğurlu çıxışları ilə diqqət çəkdikləri üçün hamı onlardan yaxşı nəticələr gözləyirdi. Şahmatçılarımız Avropa çempionatında reytinqinə görə 2-ci idilər və yekunda da bu yeri çox rahat tutdular. 15 xalla izləyiciləri Fransa, Polşa, Almaniya kimi digər ölkələri 3 xal qabaqladılar. Arada olan böyük xal fərqi onu göstərdi ki, şahmatçılarımız çox güclüdürlər. Hətta 1-ci yeri də tuta bilərdilər. Son ana kimi buna şansları da var idi”.

Məmmədyarovanın sözlərinə görə, hələlik Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Xanım Balacayevadan ibarət millini Azərbaycan şahmat tarixinin ən güclü komandası adlandırmaq tezdir: “Aynur Sofiyevanın liderlik etdiyi dönəmdə Firuzə Vəlixanlı, Nigar Soltanova və başqa böyük şahmatçılarımız olub. Onlar həmin zaman üçün çox yaxşı nəticələr əldə ediblər. O, dönəmin yarışları da çox ağır idi. Deməzdim ki, bu, Azərbaycan tarixinin ən güclü komandasıdır, amma ona doğru gedir. Bu, qızlarımızın Rusiyanın da iştirak edəcəyi Avropa çempionatında 1-ci yeri tutacaqları halda zaman olacaq. Çünki şimal qonşularımızın iştirak amili çox önəmlidir və onlar qatıldıqları əksər yarışları qalib kimi başa vururlar. Rusiya şahmatçılarının olmaması da nəticələrə bir qədər təsir edir. Düşünürəm ki, qızlarımız bu sürətlə getsələr, yaxın gələcəkdə şahmat Olimpiadasında da medal qazanacalar”.

Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru işləyən qrossmeyster qardaşı Şəhriyar Məmmədyarovun çıxış etdiyi kişilərdən ibarət Azərbaycan millisinin uğursuz çıxışına da münasibət bildirib. O, çempionatın reytinq-fovariti olan yığmamızın zəif oynamasının səbəblərini açıqlayıb: “Son zamanlar lider Teymur Rəcəbov şahmatdan nisbətən uzaqlaşıb. Əvvəlki qədər bu idman növü ilə məşğul ola bilmir. Şəhriyarın da məşqləri ilə bağlı bəzi problemlər var. 1-ci və 2-ci lövhələrdə zəif nəticə göstərildiyi halda boşluqlar yaranır. Təəssüf ki, digər şahmatçılarımız Teymur və Şəhriyar səviyyəsində deyillər. Bu səbəbdən də uşaq şahmatına diqqət yetirmək lazımdır. Son 2 ildə bunun üzərində ciddi iş gedir. Əminəm ki, yaxın 2-3 ilə yaxşı zəka sahiblərimiz yetişəcək”.

Məmmədyarova uşaq şahmatının inkişafı üçün Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin qərarını da xatırladıb. Artıq şahmatçılarımız 10 ay ərzində 18 aktiv oyun keçirməlidirlər: “Bu isə o deməkdir ki, onlar şahmatda qalmalıdırlar. İldə 1 dəfə turnirlərdə oynamaqla kifayətlənə bilməyəcəklər. Bunu çox düzgün bir qərar kimi qəbul edirəm və inanıram ki, bu, bizə yüksək nəticələr üçün böyük fayda verəcək”.

Qeyd edək ki, kişi şahmatçılarımızdan ibarət şahmat Azərbaycan millisi Avropa çempionatını 9 xalla 18-ci bitirib.

Emin Ağa

İdman.biz