Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən muxtar respublikanın 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə 10 km məsafə üzrə velosiped yarışı təşkil olunub.
İdman.biz xəbər verir ki, tədbirə müxtəlif qurumların əməkdaşları və 14 yaşdan yuxarı şəxslər olmaqla, 100-dən çox həvəskar velosipedçi qatılıb.
Açılış tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yarışın əhəmiyyəti barədə danışılıb, qaydalar haqqında məlumat diqqətə çatdırılıb.
İştirakçılar Heydər Əliyev Muzeyinin önündən başlayaraq yarış marşrutu üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksi ətrafındakı finiş xəttinədək olan məsafəni qət ediblər.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib və ilk üç yerin sahiblərini diplomla təltif edib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Qasımlı yarışın qalibi olub. Digər polis əməkdaşı Asiman Cabbarov ikinci yerə sahib çıxıb. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Fərid Allahverdiyev isə üçüncü olub.
Qeyd edək ki, yarış ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin təbliği, əhalinin sağlam həyat tərzinə sövq edilməsi və ekosistemin qorunmasına töhfə verilməsi məqsədlərinə xidmət edib.
İdman.biz