Eriksen və komandası - TƏQDİMAT

Xəbərlər
21 May 2024 14:37
260
Eriksen və komandası - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 24 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə C qrupunun komandalarını nəzərdən keçiririk. İngiltərə millisinin favorit olduğu qrupdan çıxmağa Danimarka da iddialıdır.

Almaniyaya çətin yol
Danimarka millisi seçmə mərhələnin qalibi kimi AVRO-2024-ə yüksəlib. Buna baxmayaraq, Kasper Yulmannın yetirmələrinin Almaniyaya yolu heç də asan olmayıb. Sloveniya, Finlandiya və Qazaxıstanla gərgin mübarizə aparan “qırmızı-ağlar” yalnız son tur öncəsi final mərhələsinə vəsiqəni təmin edib. Bundan sonra autsayderlərdən biri Şimali İrlandiyaya məğlubiyyət də heç nəyi dəyişməyib. San-Marino və Finlandiyaya xal verməyən Danimarka evdəki bütün matçlarda qalib gəlib. Qazaxıstanda məğlubiyyəti, Sloveniyada bərabərlik “Dinamit”in Almaniya yoluna əngəl ola bilməyib. Sloveniya ilə eyni xal toplayan danimarkalılar 1-ci yerlə AVRO-2024-ə yüksəlib. Maraqlıdır ki, püşk bu iki komandanı final mərhələsində də eyni qrupa salıb.

Çimərlikdən çempionluğa gedən yığma
Dünya çempionatlarında 1986-cı ildə debüt edən Danimarka qitə səhnəsində daha uğurlu olub. Uzaq 1964-cü ildə 4-cü yerin sahibi olan şimallılar 20 il sonra bürünc mükafat qazanmağı bacarıblar. İndiyədək 9 dəfə final mərhələsində oynayan yığmanın ən böyük uğuru 1992-ci ilə təsadüf edib. Yuqoslaviya yarışa son anda buraxılmadığı üçün onları əvəzləməli olan Danimarkanın futbolçuları yay məzuniyyətindən, çimərliklərdən yığılaraq yollandığı İsveçdə Avropa çempionu tituluna sahib çıxıb. Danimarka üç il əvvəlki AVRO-2020-də də yarımfinalçı kimi 3-cü yerin sahibi olub. Son turnir hələ ilk matç zamanı Kristian Eriksenin ürəyinin dayanması və yenidən həyata qaytarılması ilə yadda qalıb. Yarımmüdafiəçi təkcə həyata deyil, futbola da qayıtmağa güc tapıb. Kristian yenə də yığmasının aparıcı oyunçularından biridir.

Danimarka millisinin qrupdakı oyunları:
16 iyun. Sloveniya - Danimarka
20 iyun. Danimarka – İngiltərə
25 iyun. Danimarka - Serbiya

Qeyd edək ki, C qrupunun görüşləri 5 fərqli şəhərdə - Münhen, Köln, Frankfurt, Helzenkirhen və Ştutqartda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: