“Şahinlər”in Almaniyaya uçuşu – TƏQDİMAT

Təxminlər
6 İyun 2024 22:46
726
“Şahinlər”in Almaniyaya uçuşu – TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 8 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə E qrupunun komandalarını nəzərdən keçiririk. Belçikanın favorit olduğu qrupda ikincilik uğrunda gərgin mübarizədə Ukrayna və Rumıniya kimi Slovakiya da 1/8 final arzusunda olacaq.

Erkən bilet
Almaniyaya vəsiqəni seçmə mərhələdən qazanan Françesko Kalzonanın komandası istəyinə son tur ərəfəsində çatıb. Slovakiyalılar artıq IX turda 2-ci yeri təmin edib. Portuqaliyaya hər iki matçda uduzan (2:3, 0:1) “Repre” digər rəqiblərlə qarşılaşmalarda yalnız bir dəfə xal itirib. Slovakiya millisi Lüksemburq (0:0, 1:0), İslandiya (4:2, 2:1), Bosniya və Herseqovinanı (2:0, 2:1) qabaqlamaqda çətinlik çəkməyib. Şahinlər autsayder Lixtenşteyni də xalsız qoyub – 1:0, 3:0. Bu, Portuqaliyadan sonra qrup ikincisi olmaq və AVRO-2024-ə erkən bilet gətirib.

Ardıcıl 3-cü
Çexoslovakiyanın bölünməsindən sonra uzun illər qonşularının kölgəsində qalan “Repre” yalnız AVRO-2016-da debüt edə bilib. Həmin vaxtdan qitə çempionatlarının daimi iştirakçısına çevrilən Slovakiya ardıcıl 3-cü dəfə final mərhələsində oynayacaq. 8 il öncə 1/8 finala qədər irəliləyən yığma AVRO-2020-də qrupda qalıb. “Şahinlər”in yeganə mundialı isə 14 il əvvələ təsadüf edib. Həmin vaxt komanda 1/8 finalda dayanıb. “Repre” Millətlər Liqasında da heç nə ilə yadda qalmayıb. İlk iki mövsümü B divizionunda keçirən milli artıq C liqasında çıxış edir.

Slovakiya millisinin qrupdakı oyunları:
17 iyun. Belçika – Slovakiya
21 iyun. Slovakiya - Ukrayna
26 iyun. Slovakiya - Rumıniya

Qeyd edək ki, E qrupunun görüşləri 5 fərqli şəhərdə - Ştutqart, Frankfurt, Köln, Münhen və Düsseldorfda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz