Elxan Abdullayev: “Almanlardan bu nəticəni gözləyirdim”

Müsahibə
15 İyun 2024 12:15
326
Elxan Abdullayev: “Almanlardan bu nəticəni gözləyirdim”

“Bu nəticə mənim üçün gözlənilən idi”.

Bunu İdman.bizə “Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayev deyib.

O, Avropa çempionatınım açılış matçında Almaniya - Şotlandiya qarşılaşmasını şərh edib. U-18 millimizin baş məşqçisinin sözlərinə görə, Bundestim sözün əsl mənasında çox güclü heyətə malikdir: “Şotlandlarla oyun da Almaniyanın rəqibindən qat-qat üstün olduğunu göstərdi. Düzdür, ilk hissənin sonunda rəqib qırmızı vərəqə aldı. Amma matçın ilk 20 dəqiqəsində artıq hesabı 2:0 etmişdilər. Bir sözlə, Almaniya çox güclü oyun nümayiş etdirdi. Fikrimcə, çempionata bu cür davam edə bilsələr, favorit komanda hesab oluna bilərlər. Onların çempionluq şansları yüksəkdir. Lakin hələ çempionat yeni başlayıb. Hər şey çempionatın gedişatından asılı olacaq”.

O, AVRO-2024-də azarkeşlik edəcəyi komandanın adını da açıqlayıb: “İspaniya millisinə azərkeşlik edirəm. Təbii ki, bu yığma da favorit sayılır. Amma ispanlardan başqa, Fransa və İngiltərə də güclü hesab olunurlar”.

Qeyd edək ki, Almaniya - Şotlandiya qarşılaşması 5:1 hesabı ilə yekunlaşıb.

Banuçiçək Hüseynli
İdman.biz