Rauf Əliyev: “Onlar bir çoxunu şoka saldı”

Müsahibə
18 İyun 2024 14:22
755
Rauf Əliyev: “Onlar bir çoxunu şoka saldı”

“Rumıniya - Ukrayna matçında bu hesabı gözləmirdim. Mənim üçün sürpriz nəticə qeydə alındı”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.

O, AVRO-2024-ün dördüncü günündə baş tutan üç qarşılaşmanı şərh edib. Əliyevin sözlərinə görə, E qrupunda Ukraynanın qalib gələcəyini proqnozlaşdırsa da, rumınların 3:0 hesablı qələbəsi gözlənilməz olub: “Bu cür məğlub olmaları bir çoxunu şoka saldı. Çünki Ukraynanın yaxşı heyəti var və heyətində güclü klublarda çıxış edən legionerlər çıxış edir. Bu səbəbdən fikirləşdirdim ki, həmin oyunçular rumıniyalılara rahatlıqla qalib gələ bilərlər”.

Veteran futbolçu qrupun Belçika - Slovakiya (0:1) matçında da birincilərin uduzmasını gözləmədiyini deyib: “Belçikanın heyətində ulduz futbolçular var. Qollar vursalar da, VAR-dan sonra sayılmadı. Yaranan epizodlardan da istifadə edə bilmədilər. Nəticə isə Ukrayna yığmasında olduğu kimi, burda da gözlənilməz oldu”.

Fransanı AVRO-2024-ün favoriti hesabı etdiyini bildiriən Əliyev Didye Deşamın komandasının növbəti qarşılaşmalarda da sözünü deyəcəyinə inam ifadə edib: “Amma Avstriya da onlara “diş” göstərdi. Əzimkar mübarizə aparırdılar. Heyət baxımından Fransa çox güclüdür. Matç ümumilikdə çətin keçsə də, qalib gəldilər. İlk oyunlar həmişə bir az gərgin keçir”.

Qeyd edək ki, D qrupunda yer alan Fransa Avstriyaya 1:0 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: