AVRO-2024: Şahin Diniyevdən günün PROQNOZLARI

Təxminlər
19 İyun 2024 12:36
720
AVRO-2024: Şahin Diniyevdən günün PROQNOZLARI

"İlk oyundan sonra komandaların gücü az da olsa, bilindi".

Bunu İdman.bizə "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis bu gün AVRO-2024 də keçiriləcək hər üç oyunu şərh edib.

Diniyevin sözlərinə görə, B qrupunda Xorvatiya - Albaniya qarşılaşmasında birincilər mütləq şəkildə qələbə qazanmalıdır: "Xorvatiyanın geriyə yolu qalmayıb. Əgər qrupdan çıxmaq istəyirsə, yaxşı oyun göstərməlidir. Fikrimcə, bugünkü matçda xorvatiyalılar qələbəyə daha çox yaxındılar".

O bildirib ki, A qrupunda ev sahibi Almaniyanın Macarıstanla sınağı heç də asan keçməyəcək: "Macarıstan startda cox zəif oynadığndan bu dəfə dişini göstərəcək. Düşünürəm ki, çətin qarşılaşma keçəcək. Lakin Almaniyanın qalib gələcəyinə inanıram".

O, eyni qrupun Şotlandiya - İsveçrə qarşılaşmasında ikinciləri üstün sayır: "İsveçrəlilər daha şanslı görünürlər. Amma şotlandlar da hələ öz sözünü deməyib. Məncə, İsveçrə qalib olacaq".

Qeyd edək ki, qarşılaşmalar bu gün saat 17:00-dan start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz