Yunis Hüseynov: “Onlar favorit hesab olunsalar da...”

Xəbərlər
20 İyun 2024 14:15
245
Yunis Hüseynov: “Onlar favorit hesab olunsalar da...”

“Xorvatiya qarşılaşmada favorit hesab olunurdu. Amma deyərdim ki, 1 xalı son anda qazandılar”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

O, AVRO-2024-də ötən gün baş tutan 3 oyunu şərh edib. Hüseynov bildirib ki, B qrupu çərçivəsində baş tutan Xorvatiya – Albaniya (2:2) duelində birincilər üstün olsalar da, qələbə qazana bilməyiblər: “Hazırda hər bir yığma müdafiə olunmağı bacarır. Albaniya da oyunun çox hissəsini müdafiədə keçirdi. Düzdür, xorvatlar topla yaxşı oynadı. Amma rəqib əks-hücumlarda istəyinə nail oldu. Təbii ki, Xorvatiya üçün heç-heçə yaxşı hal deyil. İki oyundan 1 xal qazanıblar. Buna görə də qrupdan çıxmaqda çətinlik çəkə bilərlər. İnanıram ki, qarşıdakı günlərdə toparlanıb, yaxşı mübarizə apararlar. Bu da bir az çətin görünür. Çünki növbəti qarşılaşmaları İtaliyaya qarşıdır”.

Onun sözlərinə görə, A qrupunda Almaniya ilə Macarıstanın (2:0) oyununda gözlənilən nəticə qeydə alınıb: “Ev sahibləri topla daha yaxşı mübarizə aparsalar da, rəqib əks-hücumlara bel bağlayırdı. Hətta birinci hissədə Macarıstanın çox gözəl qol imkanları oldu, amma fərqlənə bilmədilər. Yekunda Almaniya layiqli qələbə qazandı və qrupda da liderliyini möhkəmlətdi”.

Veteran futbolçu vurğulayıb ki, eyni qrupda ilk turun uğursuzu Şotlandiya İsveçrə (1:1) ilə oyuna qələbə üçün çıxsa da, istəyinə nail ola bilməyib: “Onlar ilk matçda almanlara 1:5 hesabı ilə uduzsalar da, bu dəfə toparlanmışdılar. Bərabərsəviyyəli oyun getdi. Hər iki komanda ehtiyatlı davrandı. İsveçrə qalib gəlsəydi, ən azı ikinci yeri təmin edəcəkdi. Fikrimcə, nəticənin 1:1 olması oyuna görə idi”.

Banuçiçək Hüseynli
İdman.biz