“Hər 3 qarşılaşma çox maraqla gözlənilir”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.
O, AVRO-2024-də bu gün keçiriləcək üç oyunu şərh edib. Əliyev bildirib ki, C qrupunda baş tutacaq Sloveniya - Serbiya matçında ikincilərin qələbə qazanacağına inanır: “Serblər ilk matçda ingilislərə məğlub olsalar da, çox yaxşı heyətə və ulduz futbolçulara malikdirlər. Bu səbəbdən də onların 3 xal əldə edəcəklərinə inanıram”.
O, eyni qrupun Danimarka - İngiltərə oyununda da favoritini açıqlayıb: “İngilislərin də yaxşı heyəti var və komanda yaxşı formadadı. Serbiyaya çətinliklə qalib gəlsələr də, Danimarkanı məğlub edəcəklər. Qrupdan çıxmaq üçün ingilislər heç bir çətinlik çəkməyəcəklər”.
Onun sözlərinə görə, D qrupunda keçiriləcək İspaniya – İtaliya matçında birincilərin qalib gələcəyinə ümid edir: “İlk oyunda inamlı qələbə qazandılar. İtaliya isə Avropa çempionatının komandasıdır. Sadəcə, Appenin təmsilçisinin heyəti indi yaxşı deyil. Təbii ki, onları zəif saymaq olmaz, güclü baş məşqçisi var. İtaliya futbolundan hər an hər cür nəticə gözləmək olar. Düşünürəm ki, axşam yaxşı oyunlar izləyəcəyik”.
Qeyd edək ki, qarşılaşmalar bu gün saat 17:00-dan start götürəcək.
Banuçiçək Hüseynli
İdman.biz