Yunis Hüseynov: “Niderlandın qolu sayılmadı”

Xəbərlər
22 İyun 2024 13:22
1 185
Yunis Hüseynov: “Niderlandın qolu sayılmadı”

"Avropa çempionatında çox maraqlı oyunlar izləyirik və inanıram ki, sonadək də belə davam edəcək".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

O, AVRO-2024-də ötən gün baş tutan üç oyunu şərh edib. Hüseynov bildirib ki, E qrupunda keçirilən Slovakiya - Ukrayna (1:2) matçında "göy-sarılar" vacib qələbə ilə şanslarını qoruyublar: "Düzdür, matçın ilk hissəsində Slovakiya pis təsir bağışlamadı. Fasiləyə də öndə yollandılar. Amma ikinci hissədə Ukrayna sözün əsl mənasında toparlandı və yaxşı oyun nümayiş etdirdi. Sonda isə istəyinə nail oldu və şansını itirmədi. Ukraynanı qarşıda daha çətin görüşlər gözləyir. Hazırda bütün komandalar həm müdafiə olunmağı, həm də hücum etməyi bacarır. Bu səbəbdən də hər bir oyun gərgin keçir. Asan məğlub olan yığma yoxdur".

Onun sözlərinə görə D qrupunda Polşa - Avstriya (1:3) matçında ikincilər əla oyunla layiqli qələbə qazanıb: "Bunu mən də proqnozlaşdırırdım. İlk oyunda Fransla ilə qarşılaşan Avstriya 1 xala layiq idi. Çünki həmin matçda da çox yaxşı çıxış etmişdir. Polşa ilə qarşılaşma da avstriyalıların yaxşı komandaya malik olduğunu göstərdi".

Hüseynov eyni qrupda baş tutan Niderland - Fransa (0:0) qarşılaşmasında isə komandaların qol vəziyyətinin az olduğunu deyib: "Bərabərsəviyyəli oyun getdi. Fikrimcə, hər iksinin də mərhələ adlamaq şansları yüksəkdir. Demək olar ki, maraqlı oyun oldu. Çox qol imkanları yarada bilmədilər. Niderland qol vursa da, sayılmadı və tərəflər 1 xala razılaşdı".

Banuçiçək Hüseynli
İdman.biz