İsveçrə - İtaliya: RƏQABƏT TARİXİ

Təxminlər
29 İyun 2024 16:25
601
İsveçrə - İtaliya: RƏQABƏT TARİXİ

Bu gün Berlində İsveçrə - İtaliya matçı ilə AVRO-2024-ün pley-off mərhələsinə start veriləcək.

İdman.biz oyun öncəsi bu komandaların rəqabət tarixini nəzərdən keçirir.

İndiyədək 60 dəfə üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının rəqabətinin bir əsrdən çox tarixi var. Apenninlilərin 29 dəfə qalib gəldiyi və 7 dəfə məğlub olduğu rəqabət başlanğıcını uzaq 1911-ci ildə yoldaşlıq görüşündə 2:2 hesablı bərabərliklə götürüb.

60 oyunu əhatə edən tarixdə top fərqi də cənubluların tərəfindədir – 110-66.

Avropa çempionatlarının final mərhələsində yeganə qarşılaşma 3 il öncə həmin ilin qitə çempionunun 3:0-lıq qələbəsi ilə başa çatıb. Qitə yarışının seçmələrində İsveçrə 6 oyunun 3-də heç-heçəyə nail olub, qalanında uduzub.

Dünya çempionatlarının final mərhələsində üstünlük İsveçrənin tərəfinddir. 113 illik rəqabət tarixindəki 7 qələbənin 2-sini komanda məhz bu yarışda qazanıb. Hər iki oyun 1954-cü il mundialında baş tutub – qrupda hesab 2:1, pley-offda 4:1 olub. İtaliyanın yeganə cavabı 8 il sonra 3:0 hesablı qələbə ilə reallaşıb.

Dünya çempionatlarının seçmələrində tərəflərin 6 görüşdə hərəyə 1 qələbəsi var.
Ötən əsrin 60-cı ilinədək komandaların Mərkəzi Avropa beynəlxalq kubokunda 12 görüşündə İsveçrə qələbəyə həsrət qalaraq cəmisi 4 dəfə heç-heçə edə bilib.
Yoldaşlıq görüşlərində İtaliyanın üstünlüyü 32 oyunda 15-in 4-ədir. 13 görüşdə bərabərlik qeydə alınıb.

Komandaların son qarşılaşmaları 2021-ci ilə təsadüf edir. Həmin ilin iyununda AVRO-2020-dəki qeyd edilən matçdan sonra komandalar payızda dünya çempionatı seçmələrində iki dəfə güclünü müəyyən edə bilməyiblər.

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: