Almaniya - Danimarka: RƏQABƏT TARİXİ

Xəbərlər
29 İyun 2024 17:54
912
Almaniya - Danimarka: RƏQABƏT TARİXİ

Bu gün saat 23:00-da Dortmundda AVRO-2024-ün ikinci pley-off matçı – Almaniya - Danimarka qarşılaşması başlanacaq.

İdman.biz oyun öncəsi bu komandaların rəqabət tarixini nəzərdən keçirir.

Komandaların indiyədək keçirdikləri 30 qarşılaşmada 16 dəfə almanlar, 9 dəfə danimarkalılar qalib gəlib. Top fərqi də 59-41 Bundestimin xeyrinədir.

Rəqiblərin ilk görüşü 1912-ci ilə təsadüf edir. Həmin yoldaşlıq matçında Danimarka üstün olub – 3:1.

Avropa çempionatlarının final mərhələsində komandalar 3 dəfə qarşılaşıblar.
AVRO-1988-də (0:2) və AVRO-2012-də (1:2) qrup mərhələsində məğlub olan danimarkalılar, AVRO-1992-nin finalında 2:0 hesabı ilə qalib gələrək qitə çempionu olublar.

Dünya çempionatlarında yeganə qarşılaşma 1986-cı ilin mundialının qrup mərhələsində baş tutub. Danimarka millisi həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Yoldaşlıq görüşlərində bu millilər 26 dəfə üz-üzə gəliblər. Bu matçlarda 14 dəfə qalib gəlib, 7 dəfə məğlub olan Bundestim top fərqində də üstündür – 53-36.

Komandaların son qarşılaşması 2021-ci il iyunun 2-də olub. Avro-2020 ərəfəsi yoldaşlıq matçı 1:1-lik bərabərliklə başa çatıb.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: