İngiltərə - Slovakiya: RƏQABƏT TARİXİ

Xəbərlər
30 İyun 2024 10:11
344
İngiltərə - Slovakiya: RƏQABƏT TARİXİ

Bu gün Helzenkirhendə AVRO-2024-ün pley-offunun 3-cü oyunu – İngiltərə - Slovakiya matçı keçiriləcək.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

Bu komandaların rəqabət tarixi böyük deyil. Komandalar indiyədək cəmisi 6 dəfə üz-üzə gəliblər. Bu matçların 5-i britaniyalıların qələbəsi ilə başa çatıb və cəmisi 1 oyunda heç-heçə qeydə alınıb. Top fərqi 11-3-dür.

6 oyundan 5-i rəsmi matç, 1-i yoldaşlıq görüşü olub. İlk qarşılaşma 2002-ci ilin oktyabrında baş tutub. Avropa çempionatının seçmə matçında Slovakiya evdə 1:2 hesabı ilə məğlub olub. 8 ay sonra eyni turnirdə qarşı tərəfin meydanında keçirilən oyunda da eyni hesab qeydə alınıb. Yenə də üstün tərəf ingilislər olub.

Komandaların 3-cü görüşü 2009-cu ildəki yoldaşlıq matçı olub. Həmin oyunda bu cütün rəqabət tarixinin ən böyük və yeganə böyük hesabı qeydə alınıb. Britaniyalılar rəqib qapısından 4 cavabsız top keçiriblər.

İngiltərə və Slovakiya böyük turnirlərin final mərhələlərində cəmisi 1 dəfə qarşılaşıblar. AVRO-2016-nın qrup mərhələsində baş tutan bu oyunda qapılar toxunulmaz qalıb.

Rəqiblərin son iki matçı dünya çempionatının seçmə mərhələsi çərçivəsində olub. 2016-cı il sentyabrın 4-də səfərdə 1:0 hesabı ilə qalib gələn ingilislər düz bir il sonra eyni tarixdə evdə rəqibi 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün oyun saat 20:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz