Fransa - Belçika: RƏQABƏT TARİXİ

Təxminlər
1 İyul 2024 15:24
568
Fransa - Belçika: RƏQABƏT TARİXİ

Bu gün Düsseldorfda AVRO-2024-ün pley-offunun Fransa - Belçika qarşılaşması baş tutacaq.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

AVRO-2024-ün pley-off cütləri arasında həm oyun sayı baxımıından ən zəngin, həm də vaxt etibari ilə ən böyük tarixə malik cütlüyü məhz Fransa və Belçikadır. Ötən 120 il ərzində komandalar 75 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmalarda 26 dəfə “üçrənglilər”, 30 dəfə “qırmızı şeytanlar” qalib gəliblər. Top fərqi də ikincilərin tərəfindədir – 131-162.

Komandaların ilk dueli 1904-cü ildə baş tutub. Yoldaşlıq görüşü 3:3 hesablı bərabərliklə başa çatıb.

Avropa çempionatlarının final mərhələsində yeganə qarşılaşmaları 1984-cü ildə Fransanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qitə seçmələrində üstünlük aşkar Belçikanın tərəfindədir – AVRO-1968 və AVRO-1976 seçmələrində ümumilikdə 4 matçda 5-3 top fərqi ilə 2 qələbə və 2 heç-heçə.

Dünya çempionatlarının final mərhələsində isə Fransanın 100 faizlik üstünlüyü var – 3 oyuna 3 qələbə. Fransa 1938-ci il mundialının 1/8 fınalında 3:1, 1986-da bürünc görüşündə əlavə vaxtda 4:2, 2018-ci ildə yarımfinalda 1:0 hesabı ilə qalib gəlib. 1958 və 1982-ci illərin dünya çempionatlarının seçmə mərhələlərində 4 görüşdə Fransanın 2, Belçikanın 1 qələbəsi var. Top fərqi də birincilərin xeyrinədir – 9-7.

62 yoldaşlıq matçının 19-da fransızlar, 27-də belçikalılar qalib gəliblər. Top fərqi 103-145-dir.

Nəhayət komandalar Millətlər Liqasında 1 dəfə qarşılaşıblar və bu da onların indiyədək sonuncu görüşü olub. 2021-ci ildə keçirilən bu matçda Fransa 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu gün oyun saat 20:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: