Ceyhun Sultanov: “Türkiyə ilə görüşdə favorit Avstriyadır”

Təxminlər
2 İyul 2024 14:02
285
Ceyhun Sultanov: “Türkiyə ilə görüşdə favorit Avstriyadır”

“Bu dəfə hər 2 oyunun nəticəsini demək çox çətindir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında bu gün keçiriləcək 2 oyunu şərh edib. Veteran futbolçunun sözlərinə görə, Avstriya – Türkiyə matçının favoriti Ralf Raqnikin komandasıdır: “Avstriya yaxşı komandadır. Türklər üçün çox çətin olacaq. “Ay-ulduzlular”a azarkeşlik etsək də, düşünürəm ki, cütün favoriti Avstriyadır. Hər bir nəticəyə hazır olmaq lazımdır. Bu gün Türkiyənin əsas heyət müdafiəçilərinin yüksək səviyyədə olduğunu deyə bilmərik. Amma 1 oyundan ibarət olduğu üçün hər bir şey mümkündür”.

Sultanov bildirib ki, Rumıniya – Niderland görüşündə də eyni vəziyyətdir: “Rumıniya çox sürprizlər etdi. Niderland da əvvəlki gücündə deyil. Mübariz bir oyun olacaq. Bunu 1/8 finalın son matçlarına baxanda da demək mümkündür. Görüşlər çox ağır keçir. Amma Niderlandın şanslarının daha çox olduğunu düşünürəm”.

Qeyd edək ki, pley-off mərhələsinin Rumıniya – Niderland matçı saat 20:00-da, Avstriya – Türkiyə görüşü isə 23:00-da start götürəcək.

Emin Ağa
İdman.biz