İspaniya - Almaniya: RƏQABƏT TARİXİ

Təxminlər
5 İyul 2024 16:04
167
İspaniya - Almaniya: RƏQABƏT TARİXİ

Bu gün AVRO-2024-ün 1/4 final mərhələsi Ştutqartda İspaniya - Almaniya matçı ilə start götürəcək.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

AVRO-2024-ün ev sahibi indiyədək bu komandalar arasında keçirilən görüşlərdə qələbə sayında 9-un 8-ə cüzi üstünlüyə malikdir. Top fərqində isə minimal üstünlük qarşı tərəfdədir – 32-31.

Komandaların rəqabət tarixi 1935-ci ildəki yoldaşlıq görüşündən başlanır. Oyun 2:1 hesabı ilə pireneylilərin xeyrinə başa çatmışdı.

Rəqiblər Avropa çempionatlarının final mərhələlərində 3 dəfə qarşılaşıblar. 1984-cü ildə qrupda ispanlar 90-cı dəqiqədə gələn yeganə qolla qalib gəliblər. 4 il sonrakı qrupda isə Bundestimdən Rudi Föllerin dubluna cavab gəlməyib. 2008-ci ildə isə Fernando Torresin finalda yeganə qolu İspaniyanı Avropa çempionu tituluna yiyələndirib.

Qitə yarışının 1976-cı ildəki seçmələrinin 1/4 finalında ilk oyundakı 1:1-lik bərabərliyin ardından cavab görüşündə almanlar 2:0 hesabı ilə qalib gəliblər.
Dünya çempionatlarında 5 duelin hamısı final mərhələsinə təsadüf edib. 1966-cı il mundialında qrupda almanlar 2:1 hesabı ilə üstün olublar. 1982-nin qrupunda da eyni tərəf eyni hesabla qalib gəlib. 1994-də qrupda 1:1-lik bərabərlik qeydə alınıb. 2010-cu ildə Karles Puyol yeganə qolla komandasını finala daşıyıb. 2022-ci ilin qrupunda isə yenə bərabərlik 1:1 hesablı olub.

Millətlər Liqasında 2020-ci ildə ilk oyunda da 1:1 hesabı qeydə alınsa da, ikinci görüşdə hesab gözlənilməz olub. İspanlar 6:0 hesabı ilə qalib gəliblər.

14 yoldaşlıq görüşündə Bundestimin üstünlüyü qələbə sayında 5-in 4-ə, top fərqində 19-un 17-yədir.

Qeyd edək ki, bu gün oyun saat 20:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: