İngiltərə - İsveçrə: RƏQABƏT TARİXİ

Təxminlər
6 İyul 2024 11:02
263
İngiltərə - İsveçrə: RƏQABƏT TARİXİ

Bu gün Düsseldorfda AVRO-2024-ün 1/4 final mərhələsində İngiltərə - İsveçrə matçı baş tutacaq.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

1909-cu ildə ingilislərin 9:0-lıq qələbəsi ilə başlayan 115 illik rəqabətdə ümumilikdə 31 qarşılaşma olub. 22 dəfə qalib gəlib 3 dəfə məğlub olan britaniyalıların top fərqində üstünlüyü 82-23-dür.

Qitə çempionatlarının final mərhələsində komandalar iki dəfə qrupda qarşılaşıblar. AVRO-1996-da 1:1-lik bərabərlik qeydə alındığı halda, 8 il sonra ingilislər 3 cavabsız qol vurublar.

Avropa çempionatının 6 seçmə matçında İsveçrə cəmisi 2 heç-heçəyə sevinə bilib. Top fərqi də, təbii ki, bu komandanın xeyrinə deyil - 6-13.

Dünya çempionatınlarının final mərhələsində yeganə qarşılaşma 70 il öncə olub. “Saatlar ölkəsi”nin təmsilçiləri qrupda qapılarında gördükləri iki qola heç nə ilə cavab verə bilməyiblər. Seçmə mərhələdə isə 1982-ci il mundialının yolunda hər iki komanda öz meydanında 2:1 hesablı qələbə qazanıb.

Millətlər Liqasında yeganə qarşılaşma 2019-cu ildə qolsuz yekunlaşıb.

Komandaların son qarşılaşması 2022-ci ildəki yoldaşlıq görüşü olub. Həmin matçda 1:2 hesabı ilə yenilən isveçrəlilər ümumilikdə 19 yoldaşlıq oyununda 2 dəfə qalib gəlib, 2 dəfə heç-heçə oynayıblar. Həmin o 2 qələbə də uzaq 1938 və 1947-ci illərdə olub.

Qeyd edək ki, oyun saat 20:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz