Vladislav Qədirovdan günün PROQNOZLARI

Təxminlər
6 İyul 2024 12:12
413
Vladislav Qədirovdan günün PROQNOZLARI

"Türkiyənin Niderland ilə oyununda şanslar 40-ın 60-adır".

Bunu İdman.bizə Azərbaycan millisinin veteran futbolçusu Vladislav Qədirov deyib.

O, Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında bu gün keçiriləcək iki oyunu şərh edib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Türkiyə - Niderland qarşılaşmasında aşkar favorit yoxdur: "Ay-ulduzlular” üçün çətin oyun olacaq. Niderlandın ön xəttə çox kreativ oyunçular var. Buna baxmayaraq, Türkiyə xarakter göstərəcək. Onlar sona qədər döyüşəcək. Merih Demiralla bağlı yaşananların komandanın oyununa təsir edəcəyini düşünmürəm. Montellanın komandası yaxşı dərk edir ki, artıq finala 2 oyun qalıb. Buna görə də onlar bütün güclərini ortaya qoyacaqlar".

Qədirov İsveçrəni isə İngiltərə ilə matçda favorit sayır: "Matçın sönük keçəcəyini düşünürəm. İngilislər oyunda diqtə edən tərəf olacaqlar. Amma İsveçrə bu çempionatda çox yaxşı oyun nümayiş etdirir. Bu oyunun favoriti də məhz onlardır. Murat Yakının komandasının yarımfinala adlayacağını düşünürəm".

Qeyd edək ki, AVRO-2024-ün 1/4 final mərhələsində son 2 oyun bu gün saat 20:00-da və 23:00-da keçiriləcək.

Emin Ağa
İdman.biz