“Niderlandla oyunda ingilislərə azarkeş edirdim”.
Bunu İdman.bizə Azərbaycan millisinin boksçusu Malik Həsənov (63,5 kq) deyib.
Paris-2024-də rinqə çıxacaq idmançı futbol üzrə Avropa çempionatının yarımfinal - İngiltərə - Niderland (1:0) oyununu şərh edib. O bildirib ki, “narıncılar” layiqli mübarizə aparıblar: “Oyunun favoriti İngiltərə idi. Amma Niderland millisi çox yaxşı oyun sərgilədi. Düzgün taktika seçmişdilər. Meydanda inamlı idilər. Müdafiələri elə sıx idi ki, britaniyalılar çox çətinlik çəkirdilər. Amma fiziki durum öz sözünü dedi. Niderlandlılar son dəqiqəyə qədər dözmədilər. Onlar artıq yorulmuşdular və nəticədə İngiltərə qələbə qolunu vurdu. Belə matçlarda gərək sona qədər mübarizə aparasan. Avropa çempionatında İspaniya – İngiltərə finalının olacağını əvvəldən demişdim. Birincilərin isə çempion olacağını düşünürəm”.
Yığma ilə birgə Almaniyada təlim-məşq toplanışında olan Həsənov finalı meydandan canlı izləyə bilməyəcəyinə üzüldüyünü də deyib: “Həlledici görüşü birbaşa stadiondan izləmək əla olardı. Özüm iyulun sonunda Olimpiya Oyunlarında çıxışıma start verəcəm. Qismət başqa yarışlara imiş. Amma finalı televiziyadan mütləq izləyəcəm”.
Qeyd edək ki, Avropa çempionatının finalı iyulun 14-də saat 23:00-da start götürəcək.
Emin Ağa
İdman.biz