İspaniya - İngiltərə: RƏQABƏT TARİXİ

Təxminlər
14 İyul 2024 12:23
746
İspaniya - İngiltərə: RƏQABƏT TARİXİ

Bu gün Berlində İspaniya - İngiltərə finalı ilə 17-ci Avropa çempionatına yekun vurulacaq.

İdman.biz final öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

Bu iki komandanın 95 illik rəqabəti 1929-cu ildə yoldaşlıq görüşündə futbolun yaradıcılarının 3:4 hesablı məğlubiyyəti ilə başlayıb. Ümumilikdə komandalar bu müddət ərzində 27 dəfə qarşılaşıblar. 13 dəfə ingilislər, 10 dəfə ispanlar qalib gəliblər. Top fərqi də britaniyalıların xeyrinədir – 45:32.

Bu rəqabətdə ən böyük hesab 1931-ci ildə qeydə alınıb. İngilislər 7:1 hesabı ilə qalib gəliblər.

Avropa çempionatlarının final mərhələsində komandalar 2 dəfə üz-üzə gəliblər. 1980-ci ildə qrupda İngiltərə 2:1 hesabı ilə qalib gəlib. 1996-cı ildə 1/4 finalda qolsuz oyunun yekununda eyni tərəf penaltilərdə üstün olub (4:2). Qitə seçmələrində də ingilislər rəqibə şans verməyiblər. 1968-ci ildə 1:0 və 2:1 hesabları ilə qalib gəliblər.

Əvəzində dünya çempionatında üstünlük ispanların tərəfindədir. 1950-ci il mundialında qrupda İspaniya 1 qolla qalib gəlib, 1982-də isə ikinci qrup mərhələsində qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

2018-ci ildə Millətlər Liqasındakı iki oyun bu komandaların son qarşılaşmaları olub. İlk oyunda ispanlar (2:1), ikincidə ingilislər (3:2) qalib gəliblər.

19 yoldaşlıq görüşündə 9 dəfə qalib gəlib, 8 dəfə uduzan İspaniya 36:25 top fərqi üstünlüyünə malikdir.

Qeyd edək ki, bu gün final oyunu saat 23:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz