Azərbaycan qılıncoynadanları Əlcəzairdə uğursuz olublar

Xəbərlər
12 Noyabr 2024 00:14
95
Azərbaycan qılıncoynadanları Əlcəzairdə uğursuz olublar

Əlcəzairin Oran şəhərində qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması ümidləri doğrultmayıb.

Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığmamız komanda yarışında 1/8 finala yüksəlmək üçün İtaliya millisi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə millimiz güclü rəqibinə 44:45 hesabı ilə uduzub.
Millimiz 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə yerli Əlcazair kollektivini 45:19 hesabı ilə məğlub edib. 9-10-cu yer uğrunda keçirilən qarşılaşmada isə böyüklərdən ibarət sablya üzrə yığmamız İspaniya seçmə kollektivinə 32:45 hesabı ilə uduzub.
Palina Kaspiaroviç zədələndiyindən komandamız Bolqarıstanla 11-ci yer uğrunda görüşə çıxmayıb.

Sablyaçıların şəxsi yarışında Səbinə Kərimova və Zərifə Hüseynova qrup mərhələsini uğurla başa vursa da, pley-offda mübarizəni dayandırıb. Palina Kaspiaroviç isə ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin bürünc mükafatçısı macar Katinka Battaniyə 7:15 hesabı ilə uduzub.

İdman.biz