Azərbaycan qılıncoynadanı Anna Baştanın İdman.biz-ə müsahibəsi
- Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunun komanda yarışında zədələndiz və görüşü davam etdirə bilmədiz. Hazırda sağlamlıq durumunuz necədir?
- Zədəmin vəziyyəti MRT-dən sonra dəqiqləşəcək, amma ümid edirəm ki, ayyarıma qayıdacağam.
- Yarışda sablyaçıların fərdi mübarizəsindəki çıxışınızı necə dəyərləndirərdiz?
- 12-ci yeri tutsam da, yaxşı çıxış etdiyimi düşünürəm. Əlbəttə ki, medal qazanmaq istəyirəm, amma tələsmək də olmaz. Ayağımın yarış tempinə uyğunlaşması üçün vaxt lazımdır. Bəzən idmançı bərpa prosesindən sonra ilk yarışda yenidən zədələnir – bu, bir siqnaldır ki, dayanıb öz üzərində daha çox işləyəsən. Mən də bu vəziyyətə pozitiv baxıram. Çünki artıq mənimlə işləyən həkimlər və reabilitoloqlar var, sadəcə analiz nəticələrini gözləyirik və bir gün də itirmədən işləməyə başlayacağıq.
- Bəs bu yarışa necə hazılaşmışdınız?
- Bu il mənim üçün çətin olmadı, çünki Olimpiadadan sonra öz üzərimdə daha çox işləməyə imkan tapdım. Əvvəllər sırf texniki tərəfə fokuslanırdım, amma indi fiziki gücüm üzərində də çox işləyirəm. Çünki bizim səviyyədə yalnız texnika kifayət deyil, əlavə üstünlüklər qazanmalısan. İndi isə ayaqlarım əvvəlkindən çox daha sürətlidir, dözümlülüyüm artıb və bu, mənə güc verir. Hər həftə psixoloqla işləyirəm, məşq tempimi qoruyuram və əminəm ki, yaxın zamanda ən yaxşı formama qayıdacağam.
- Olimpiadadan əvvəl və sonra. Dördilliyin ən mötəbər yarışı sizin idman karyeraniza necə təsir göstərdi?
- Olimpiadadan sonra yarışlara daha güclü qayıdırsan. Hiss edirəm ki, həm idmanda, həm həyatda daha da böyümüşəm. Çünki Paris-2024-ə hazırlıq prosesində diqqət yalnız sənə yönəlir – məşqçilər, reabilitoloqlar, hər kəs üzərində işləyir. Təəssüf ki, Parisdə zədə ilə çıxış etdim, ona görə də tam potensialımı göstərə bilmədim. Amma mövcud vəziyyətdə edə biləcəyimin maksimumunu elədim, bu da böyük nailiyyətdir. Olimpiadada iştirak etmək təkcə fiziki deyil, psixoloji hazırlıq da tələb edir. Ancaq bu gözəl təcrübə idi. Dünyanın ən güclü idmançıları ilə tanış oldum. İndi onların bir çoxu mənə yazır və zədəmə görə dəstək verir. Mənimlə oxşar vəziyyətlə üzləşmiş idmançıların hekayələrini bölüşüb, deyirlər ki, bu normaldır və tez-tez olur. İlk dəfə azarkeşlərlə dolu tribunalar qarşısında çıxış etdiyim Olimpiada oldu. Tokio 2020-də pandemiyaya görə bu imkan olmamışdı. Məni dəstəkləməyə gələn insanlar var idi. Onları görəndə şoka düşmüşdüm ki, qılıncoynatmanın belə azarkeşləri var və bu məni çox xoşbəxt edir. Olimpiada qılıncoynatmanı daha geniş auditoriyaya açır, çünki bu idmanı hamı tam olaraq anlamır.
- Sonda bir qədər gələcək planlarınızdan danışaq.
- Ən yaxın Dünya kuboku Qahirədə, ardınca Qran-pri Seulda olacaq. Bu mövsümdə hələ bir neçə Dünya kuboku, Qran-pri, eləcə də Avropa və dünya çempionatı var. Ümid edirəm ki, bu turnirlərdə iştirak edə biləcəyəm.
Aytac Sahəd
İdman.biz