“Hər bir məşqçinin fəlsəfəsini tətbiq etmək üçün vaxt lazımdır. Düzdür, onun vaxtı azdır, amma “Qəbələ”də bir qığılcım olacaq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov deyib.
2008/09 mövsümündə “Qəbələ”nin yeni baş məşqçisi Kaxabel Tsxadadzenin rəhbərliyi altında oynamış veteran futbolçu gürcüstanlı mütəxəssisin bölgə təmsilçisinə faydalı olacağına inanır: “Onun rəhbərliyi altında oynamışam və mütəxəssis haqqında məndə yaxşı fikirlər formalaşıb. O, Azərbaycanda yaxşı işlər görüb. Burda baş məşqçi olduğu dönəmlərdə avrokuboklar uğrunda oynadı. Göstərdiyi sistematik oyunla ölkə futbolunda böyük işlər gördü. Bu mənim şəxsi fikrimdir. Ümid edirəm ki, onun təyinatı “Qəbələ” üçün uğurlu olacaq. Əlbəttə ki, işi çətin olacaq. Son pillədə olan komandanın “Kəpəz”lə böyük xal fərqi var. Ürəkdən istəyirəm ki, komandaların sayı artsın və “Qəbələ” də çempionatda qalsın. Kaxa çempionatımıza maraq gətirəcək məşqçilərdən biridir”.
Məmmədovun sözlərinə görə, gürcüstanlı mütəxəssisin oyun fəlsəfəsi “Qəbələ”nin oyun sisteminə də müsbət təsir edəcək: “O, yenə Azərbaycan futboluna böyük töhfə verə bilər. Ümid edirəm ki, bu durumdan bölgə təmsilçisi üzüağ çıxacaq. Bu gün də “Qarabağ”la oynayacaqlar. Çempionatın ən yaxşı komandasına qarşı çox çətin olacaq. Amma əminəm ki, fərqli “Qəbələ” izləyəcəyik”.
Qeyd edək ki, “Qəbələ” bu gün Premyer Liqanın 23-cü turunun təxirə salınmış oyununda “Qarabağ”la evdə oynayacaq. Matç saat 19:00-da start götürəcək.
Emin Ağa
İdman.biz