Aftandil Hacıyev: “Braqa” ilə görüşlər, son oyunun nəticəsi hamıda ümid yaradıb”

Xəbərlər
8 Mart 2024 17:40
499
Aftandil Hacıyev: “Braqa” ilə görüşlər, son oyunun nəticəsi hamıda ümid yaradıb”

“İlk hissədə bütün dünyanı təccübləndirən bir hesab qeydə alındı”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq futbolçusu Aftandil Hacıyev deyib.

42 yaşlı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın “Bayer”lə (2:2) oyununu şərh edib. O bildirib ki, Qurban Qurbanovun komandası həm yaxşı oyun, həm yaxşı nəticə ilə gücünü bir daha hər kəsə göstərdi: “Belə bir rəqibə qarşı məğlub olmamaq oyunu yüksək səviyyədə keçirdiyimizi göstərir. Rəqib Avropanın ən yaxşı formada olan klublarındandır. “Qarabağ”ın “Bayer”i məğlub etməyə birmənalı olaraq gücü çatmadı. Qurban Qurbanov da xüsusi ilə bu amili qabartdı. İkinci hissədə rəqibin də etdiyi əvəzetmələr, Qranit Caka və Florian Virtsin matça daxil olmasından sonra ilk hissədə göstərdiyimiz futbolu sərgiləyə bilmədik. “Qarabağ” bacardığı nə varsa ortaya qoydu”.

Veteran futbolçunun sözlərinə görə, “Qarabağ”dakı itkilər cavab oyununda meydana qayıdacağından səfərdə daha güclü komanda görəcəyik: “Julio Romao və Elvin Cəfərquliyevin cəzaları bitir. Yeganə məqam Olavio Juninyonun cavab görüşündə oynayıb-oynamayacağıdır. “Qarabağ” bu matça sağlam şəkildə, bütün heyətlə hazırlaşsa, düşünürəm ki, bizi səfər matçında maraqlı görüş gözləyəcək. Onlar mərhələ adlamaqdan asılı olmayaraq, bir çoxlarının qəlblərini fəth ediblər. Ancaq “Braqa” ilə görüşlər, son oyunun nəticəsi hər birimizdə ümid və inam yaradıb. Növbəti mərhələyə şanslarımız qalıb. Rəqibin də baş məşqçisi komandamızı rəqib kimi ciddiyə alıb və şansları 50-50-yə dəyərləndirib. Məncə də hələ heç nə bitməyib. Bu oyuna tam heyətlə çıxsaq, nəticə əldə etmək mümkündür”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə cavab qarşılaşmasına martın 14-də çıxacaq.

Emin Ağa
İdman.biz