Aslan Kərimov: “Qarabağ”ın uğurunu artıq yerli futbolçularla əldə etmək lazım gələcək”

Müsahibə
16 Mart 2024 17:11
367
Aslan Kərimov: “Qarabağ”ın uğurunu artıq yerli futbolçularla əldə etmək lazım gələcək”

“Hər yerdə deyirlər ki, bu səviyyəyə çatmaq işin bir tərəfidir, amma burada qalmaq daha çətindir. Mənə elə gəlir ki, dayanmaq olmaz, daha böyük hədəflər üçün çalışmaq lazımdır”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimov deyib.

51 yaşlı mütəxəsis “Qarabağ”ın bu mövsüm Avropa Liqasında çıxışını dəyərləndirib. O bildirib ki, futbol ilində Qurban Qurbanovun komandası Çempionlar Liqasında da özünü göstərməlidir: “Bu yarışın köhnə formatı olsaydı, qruplarda iştirak edərək ordan növbəti mərhələyə adlamaq hədəf olmalı idi. Amma indi yeni formatda ölkələrin, komandaların reytinqinə görə bölgü edəcəklər. Hər halda, hansı reytinqdə olsaq belə düşdüyümüz qrupdan çıxmağa çalışmalıyıq”.

Kərimov bu uğurlu çıxışın Azərbaycan futboluna nələr qazandıra biləcəyinə də aydınlıq gətirib: “Bu uğur klubun inkişafı ilə bağlı bir nümunə ola bilər. Amma bu heç də Azərbaycan futbolunun inkişafı ilə bağlı deyil. “Qarabağ”ın uğurları bizə, oyunçularımıza, kütləvi futbola bir təkan gətirəcək. Amma həqiqətə baxsaq, əsas heyətdə cəmi 2-3 nəfər yerli oyunçu ilə çıxış edirdi. Qalan oyunçuların hamısı legionerlərdir. Bu uğuru artıq yerli futbolçularımızın çoxluq təşkil etdiyi komandalarla əldə etmək lazım gələcək. Onda biz milli səviyyəsində irəli gedə bilərik. Amma hər halda, “Qarabağ”ın uğurları bir motivasiyadır. Uşaqların bu idman növünə cəlb olunmasında, futbolun kütləviliyində əvəzsiz rolu var”.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında 1/8 final mərhələsində "Bayer"ə 2 oyunun cəmində 5:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Emin Ağa
İdman.biz