İsmayıl İbrahimli: “Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”

Müsahibə
3 Aprel 2024 13:37
372
İsmayıl İbrahimli: “Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”

“Mən də bunu oyundan sonra bildim”.

Bunu İdman.bizə “Zirə”nin futbolçusu İsmayıl İbrahimli deyib.

O, Azərbaycan Premyer Liqasında XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxaraq, 100-cü oyununu keçirməsinə münasibət bildirib. 26 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, bu yubileylərin daha yüksəlməsini istəyir: “İnanıram ki, gələcək zamanlarda bu say daha da artar”.

İbrahimli “Zirə”nin Premyer Liqada çıxışına da toxunub. O bildirib ki, hazırda turnir cədvəlində 42 xalla 3-cü pillədə qərarlaşsalar da, istənilən nəticə mövqelərini dəyişə bilər.

Yarımmüdafiəçi bu gün Azərbaycan kubokunda 1/2 finalında “Qəbələ” ilə ilk matçında inamlı çıxışa ümid edir: “Avrokuboka vəsiqə üçün çox komanda mübarizə aparır. Qarşıda bizi bir-birindən önəmli oyunlar gözləyir. Son tura kimi mübarizə aparacağıq ki, avrokuboklarda iştirak edək. Kubok oyunları çempionatdan çox fərqlidir. Bilirik ki, bizim rəqib analoji yarışın son sahibidir. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan kubokunda 1/2 final mərhələsində keçiriləcək “Zirə” – “Qəbələ” qarşılaşması saat 19:00-da “Zirə” İdman Kompleksinin stadionunda start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz