Siyasət Əsgərov: “Macarıstandan 1 xalla qayıtsaq yaxşı olar” – MÜSAHİBƏ

Müsahibə
5 Aprel 2024 10:18
326
Siyasət Əsgərov: “Macarıstandan 1 xalla qayıtsaq yaxşı olar” – MÜSAHİBƏ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun İdman.biz saytına müsahibəsi

- AVRO-2025-in seçmə mərhələsində bu gün Macarıstanla oynayacaqsız. Komandanın hazırlığını necə dəyərləndirirsiz?

- Aprelin 1-dən hazırlıqlara start vermişik. Hər şey yaxşıdır. Problemimiz yoxdur. Qızlar öz klublarından yaxşı vəziyyətdə gəliblər. Sevindirici haldır ki, onların oyun təcrübəsi də var. Futbolçuların tam formada olması bizim üçün çox önəmlidir.

- Nazlıcan Parlak zədəsini tam sağaldıb?

- Ona ilk vaxtlar həkimlərin qoyduğu diaqnoz bağların qopması ilə bağlı idi. Amma əməliyyat zamanı bu qopmanın cüzi olduğunu görüblər. Bu səbəbdən də əməliyyatı yüngül oldu. Buna çox sevindik.

- Bəs hazırkı forması sizi qane edir?

- Klubuyla birlikdə məşqlər edib, oyunlara çıxdığı üçün onu da dəvət etdik. Burda da hazırlıq keçdi. Düzdür, tam formasında deyil və oyun praktikasında geri qalır. Düşünürük ki, komandaya lazım olacağı vaxtda yardım edəcək.

- Macarıstana qarşı oyundan gözləntilər nədir?

- Belə turnirlərdə birinci oyunlar hər zaman çətin olur. Macarıstan çox yaxşı rəqibdir. Qarşımıza məqsəd qoymuşuq ki, burdan 1 xalla qayıtsaq, yaxşı olar. Bu bizim üçün yeni təcrübədir. B liqasında olduğumuz üçün daha üstün komandalarla oyunlarımız olacaq. Macarıstan da onlardan biridir.

- Rəqibin əsas üstünlüyü nədir?

- İllərdir B liqasında iştirak edirlər. Çox keyfiyyətli oyunçuları var. Futbolçularının bəziləri sözünü deyən liqalarda oynayırlar. Macarıstanın sonuncu dəfə hətta A liqasına getmək şansları da var idi. Belçikaya uduzduqları üçün bunu bacarmadılar. Düşünürəm ki, B-dən A-ya yüksəlmək üçün oynayıblarsa, bu onların gücünü göstərir. Komanda olaraq Macarıstana layiqincə cavab verə bilərik.

Emin Ağa
İdman.biz