Kaxaber Tsxadadze: “Xarici kimi gəlmişiksə, peşəkarlıq göstərməliyik”

Xəbərlər
12 May 2024 20:47
185
Kaxaber Tsxadadze: “Xarici kimi gəlmişiksə, peşəkarlıq göstərməliyik”

"Ardıcıl iki oyundu qazanırıq. Futbolçular anlamalıdır ki, Premyer Liqanı tərk etsək belə, peşəkar qalmalıyıq”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXIV turunda “Sabah”la 2:0 hesabı ilə başa çatan oyunu şərh edib: “Oyunçular hər zaman maksimumunu verməlidir. Biz də onlara nümunə olmağa çalışırıq. Özümüz də səhərdən axşama işləyirik.Onlar da bunu gördü. Sabah necə olacağını bilmirəm, amma onlar hər zaman belə qalmalıdır. Öz markalarını saxlamalıdırlar. Futbolçulara bunu demişdik və onlar da bunu etdi. "Qəbələ" həm böyük klubdur, həm də gənc yaxşı futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Bizim sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamlı və matça yanaşması ilə əla idi. Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundur ki, meydandadır. Bütün bunlar pozitiv məqamlardır. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də, diqtə edən tərəf biz idik. Müdafiədə etibarlı və diqqətli oynadıq. Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odur ki, komanda artıq Premyer Liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odur ki, biz işimizi yerinə yetirək. Biz bura gəlmişiksə, özü də xarici kimi gəlmişiksə, sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını Allah bilir. Təki, hər şey yaxşı olsun”.

“Qəbələ”nin baş məşqçisi əsas komandaya gənc futbolçuların cəlb etdiklərini bildirib: “Bizim özümüzdə də bu cür suallar var. Amma biz neçə vaxtdır ki, buradayıq? Hər şeyə zaman lazımdır. Gənc oyunçuları görmək, ikinci komandamızın oyunlarına getməyimiz üçün vaxt lazım idi. "Qəbələ-2"nin oyunlarına getdik və gənc futbolçuları oradan əsas komandaya cəlb etdik. Psixoloji anlar da var. Amma əmin olun ki, özüm-özümə də bu sualları verirəm”.

Qeyd edək ki, “Qəbələ” öz meydanında “Sabah”a 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz