“Təəssüf ki, Kriştiano Ronaldo ilə ünsiyyət qurmaq alınmadı. Çünki həmin vaxt portuqaliyalı Səudiyyə Ərəbistanına yeni gəlmişdi”.
Bunu “İdman Bizdə” verilişinin qonağı olan populyar yutub kanalının müəllifi, futbol veteranı Nuqzar Kvirtiya deyib.
O bildirib ki, portuqaliyalını sultan kimi qoruyublar: “Ona 5-10 m məsafədən artıq yaxınlaşmaq real deyildi. Onunla danışmaq qadağan idi. Bu barədə öncədən bizə xəbərdarlıq etmişdilər. Hətta baxmayaraq ki, mənim media akkreditasiyam var idi. Dedilər ki, müsahibə bəlkə bir neçə aydan sonra alınar. Amma mənim dostlarım, həmkarlarım geri qayıtdılar. Heç kimdə də nə isə alınmadı. Ronaldo Səudiyyə Ərəbistanında müsahibə baxımından qapalıdır. O, yalnız böyük kanallar və nəşrlərə danışır”.
Kvirtiya əlavə edib ki, “Yuventus”, “Real” və “Mançester Yunayted”də oynadığı vaxtlarda portuqaliyalı ulduz ünsiyyət üçün daha açıq olub: “Bu günlərdə mənim Nani barədə verilişim yayımlanacaq. O, orada Kriştianonun çox sadə insan olduğunu deyir. Kənardan eqolu görnür, amma daxilən mehriban və ünsiyyətcildir”.
Qeyd edək ki, Ronaldo “Əl-Nəsr” klubunda çıxış edir.