Bundesliqa bombardirlərinin statistikası - ARAŞDIRMA

Xəbərlər
21 May 2024 10:06
575
Bundesliqa bombardirlərinin statistikası - ARAŞDIRMA

2023/2024-cü illər mövsümündə Bundesliqada vurulan 985 qolu 259 futbolçu öz adına yazdırıb.

İdman.biz mövsümün ən yaxşı qolçuları ilə bağlı statistikanı diqqətə çatdırır.

Son Bundesliqa mövsümünün ən yaxşı bombardiri komanda titulunu ümidlə üz tutduğu “Bavariya”da da qazana bilməyən Harri Keyn oldu. İngilis forvard ölkə çempionatında keçirdiyi 32 oyunda 36 qol (hər oyuna orta – 1,125) vurmaqla Bundesliqa tarixinin ilk mövsümündə qol sayına görə rekordçusu olub. Öncəki rekord 60 il əvvəl - 1963/1964-cü illər mövsümündə “Hamburq”da ilk mövsümündə 30 qol vurmuş Uve Zeelerə məxsus idi.

Keynin Bundesliqa tarixinin bombardirlik rekorduna 5 qolu çatmayıb. 3 il öncə “Bavariya” formasında polşalı Robert Levandovski 41 qol vurmuşdu.

Cari mövsümün bombardirlər mübarisəzində Seru Girasssi (“Ştutqart”) 28 oyuna 28 qolla ikinci, Lois Openda (“Leypsiq”) 34 oyuna 24 qolla üçüncü olub.

Çempion “Bayer”in ən yaxşı qolçusu Viktor Bonifeys 14 xalla yalnız 9-cu yeri tuta bilib.

İlk “onluq”da, həmçinin Denis Undav (“Ştutqart”, 18 qol) Maksimilian Bayer (“Hoffenhaym”, 16), Ermedin Demiroviç (“Auqsburq”, 15), Andrey Kramariç (“Hoffenhaym”, 15), Benyamin Şeşko (“Leypsiq”, 14) və Doniel Malen (“Borussiya” Dortmund) var.

11 metrlikdən ən çox qolu “Frayburq”un yarımmüdafiəçisi Vinçenso Qrifo vurub – 6. O, mövsümdə 8 qolundan 6-sını penalti nöqtəsindən vurub.

Ümumiyyətlə, yarımmüdafiəçilər arasında ən çox qolu Florian Virts (“Bayer”) vurub – 11. Mönxenqladbax “Borussiya”sından Robin Hakın 10 qolu var.

Nominal müdafiəçilər arasında ən çox fərqlənən 10 qollu Alexandro Qrimaldodur (“Bayer”). Onun komanda yoldaşı Ceremi Frimponqun 9 qolu var.

Qrimaldo qol assistentləri arasında da ən yaxşısıdır. O, 13 dəfə komanda yoldaşlarına qol vurmağa kömək edib.
“Haydenhaym”dan Yan-Niklas Bestenin 12 məhsuldar ötürməsi var. Leroy Sane (“Bavariya”), Yulian Brandt (“Borussiya” Dortmund) və Xavi Simonsun (“Leypsiq”) 11 assistentliyi var. Ümummiyyətlə, mövsümdə 239 futbolçu qol assistentliyi edib.

Qol və məhsuldar ötürmələrin ümumi sayına görə Bundesliqanın lideri Harri Keyndir - 44. “Bavariya”nın forvardı 36 qoluna 8 assistentlik də əlavə edib. “Ştutqart”lı Seru Qirassinin (31) 28 qoluna 3 məhsuldar ötürmə əlavəsi var. “Leypsiq”dən Lois Opendanın da qol+assistenlik göstəricisi 31-dir. Onun 24 qolu, 7 assistentliyi var.
Ümumilikdə Bundesliqanın 315 futbolçusu komandasına qol və ya assistentliklə kömək edə bilib.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: