"Bu gün Azərbaycan Minifutbol Federasiyası olaraq önəmli sənədə imza atdıq. Anlaşma Memorandumuna əsasən gələn il dünya çempionatı Bakıda keçiriləcək".
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.
O, yarışın Bakıya həvalə olunmasının əhəmiyyətini açıqlayıb: "Biz gənc federasiyayıq və bu bizim üçün mühüm hadisədir. Qısa müddət öncə yaransaq da, çoxlu uğurlara imza atmışıq. Milli komandamız Avropa çempionu adını qazanıb. Dünya çempionatının Bakıda keçirilməsi həm federasiyamız, həm paytaxtımız, həm də idman ictimaiyyəti üçün çox önəmlidir. Bakı artıq böyük turnirlərə ev sahibliyi etməyə alışıb. Milli Gimnastika Arenasında keçiriləcək yarış gələn il mayın 21-də start götürəcək".
Qeyd edək ki, Bakı minifutbol üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi edəcək.
Emin Ağa
İdman.biz