2023/2024-cü illər mövsümündə İspaniya La Liqasında 380 oyuna 1005 qol vurulub. Mövsüm ərzində 276 futbolçu rəqib qapısına yol tapıb.
İdman.biz mövsümün ən yaxşı qolçuları ilə bağlı statistikanı diqqətə çatdırır.
La Liqa mövsümünün ən yaxşı bombardiri 36 oyuna 24 qolla "Jirona"nın ukraynalı forvardı Artyom Dovbik olub (hər oyuna orta – 0,67).
"Jirona" futbolçusu İspaniya çempionatının bombardırı olan 21-ci klub olub. İndiyə qədər 20 komandanın futbolçusu qol yarışının qalibi olmuşdu. Ən çox "Real"ın futbolçuları ən yaxşı bombardir olub - 28 dəfə. Fərdi rekord isə 8 dəfə "Barselona" formasında ən məhsuldar olmuş Lionel Messiyə aiddir.
Messinin daha bir rekordu da hələ əlçatmaz qalıb. Argentinalı 2011/2012 mövsümündə 50 qol vurmuşdu. İndiki bombardir Dovbik bu rəqəmin heç yarısına çata bilməyib.
15 ildən sonra ilk dəfə La Liqanın bombardiri "Real" və ya "Barselona"dan olmayıb. Sonuncu dəfə bu iki nəhəngdən olmayan ən yaxşı bombardir 2008/2009 mövsümündə Madrid "Atletiko"sunun uruqvaylı qolçusu Dieqo Forlan olmuşdu.
Cari bombardir mübarizəsində Aleksandr Serlot ("Vilyarreal") 34 oyuna 23 qolla ikinci olub. Cud Bellingem ("Real") və Robert Levandovski ("Barselona") 19 qolla 3-4-cü yerləri bölüşüblər. İlk onluğa həmçinin 17 qolla Ante Budimir ("Osasuna"), 16 qolla Yussef Ən-Nəsiri ("Sevilya") və Antuan Qrizmann ("Atletiko"), 15 qolla Alvaro Morata ("Atletiko"), Vinisius Junior ("Real") və Borxa Mayoral ("Xetafe") daxil olublar.
Mövsümün "penaltilər kralı" 7 qolla Artyom Dovbik ("Jirona") və Xose Luis Qarsiya Pepeludur ("Valensiya").
Yarımmüdafiəçilərdən ən çox qol vuran çempionatın üçüncü bombardiri Cud Bellingemdir ("Real") – 19 qol. "Almeriya"dan Serxio Arribasın 9 qolu var.
Müdafiəçilərdən ən çox fərqlənən "Jirona"dan Erik Qarsiyadır – 5 qol. Madrid "Real"ından Daniel Karvahalın 4 qolu var.
La Liqada məhsuldar ötürmələrdə ən çox fərqlənən Aleks Baenadır ("Vilyarreal") – 14 dəfə. Niko Uilyams ("Atletik") 11, Yaqo Aspas ("Selta") və Savio ("Jirona") 10 dəfə komanda yoldaşlarına qol vurmağa kömək ediblər. Ümummiyyətlə, mövsümdə 274 futbolçu qol assistentliyi edib.
Qol və məhsuldar ötürmələrin ümumi sayına görə La Liqanın lideri Artyom Dovbikdir ("Jirona"). O, 24 qol vurub, 8 assistentlik edib. Aleksandr Serlotda ("Vilyarreal") bu göstərici 29 (23+6), Robert Levandovskidə ("Barselona") 27-dir (19+8). Ümumilikdə La Liqanın 362 futbolçusu komandasına qol və ya assistentliklə kömək edə bilib.
Vüqar Məmmədov
İdman.biz