“Zirə”nin adına sevinirəm”.
Bunu İdman.bizə “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.
O, Azərbaycan kubokunun final matçında “Zirə” ilə qarşılaşacaqları matçı şərh edib. 35 yaşlı yarımmüdafiçənin sözlərinə görə, 2020/2021 mövsümündə “Zirə”də də oynadığından hər iki komanda ona doğmadır: “Rəşad Sadıqov da “Qarabağ”da uzun illər komanda yoldaşım olub, eyni zamanda “Zirə”də oynadığım müddətdə baş məşqçim olub. Uğurlu bir mövsüm keçirdiklərini düşünürəm. Kubokun finalına çıxmaq, Premyer Liqanı ikinci pillədə bitirmək yaxşı nəticədir. Əlbəttə, uzun illər “Qarabağ”ın şərəfini qoruyan biri kimi istəyərəm ki, komandamız kuboku qazansın. Amma “Zirə” bu il yaxşı çıxış etdiyi üçün asan oyun olmayacaq. Çünki onlarla ilk final matçında qalib penaltilər seriyasında bəlli olmuşdu. Yəni istisna edilmir ki, bu dəfə də eyni ssenari yaşansın. “Zirə” bu mövsüm iddialıdır. Onların da kuboku qazanmaq istəyi çoxdur. Bu elə bir oyundur ki, matçın taleyini bəzi detallar həll edəcək. Ümid edirəm ki, azarkeşlər maraqlı və həyəcanlı oyuna şahidlik edəcəklər”.
Qeyd edək ki, final matçı bu gün saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.
Banuçiçək Hüseynli
İdman.biz