Ceyhun Nuriyev: “Deməzdim ki, “Qarabağ” bayram-əhval ruhiyyəsində idi” - MÜSAHİBƏ

Müsahibə
3 İyun 2024 12:18
329
Ceyhun Nuriyev: “Deməzdim ki, “Qarabağ” bayram-əhval ruhiyyəsində idi” - MÜSAHİBƏ

“Zirə”nin futbolçusu Ceyhun Nuriyevin matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, o, Azərbaycan kubokunun finalını və mövsümü dəyərləndirib.

- Azərbaycan kubokunda ⁠finala qədər uğurla irəliləsəz də, sonda davamını gətirə bilmədiz. Niyə alınmadı?

- ⁠Rəqibi yaxşı analiz etmişdik. “Qarabağ”ın səviyyəsi hamıya məlumdur. Oyunu müdafiədən qurmuşduq. Çox yaxşı müdafiə olunurduq. Əsasən ikinci hissədə epizodlarımız çox oldu. Qol da vurduq. Hesab 2:1 olandan sonra da şansımız oldu. Amma qələbə üçün kiçik nüanslar çatmadı.

- ⁠”Qarabağ”ın motivasiyası az idi. Sanki bu məqamlardan istifadə edirdiniz.

- ⁠Sizin kimi düşünmürəm. Deməzdim ki, “Qarabağ” bayram-əhval ruhiyyəsində idi. Yəni 1:0, 2:1 hesabdan sonrada müdafiə olunurdular. Ona görə “Qarabağ” ən yaxşı oyunlarından birini keçirdi.

- ⁠”Qarabağ” hər iki cəbhədə birinci, siz isə ikinci oldunuz. Bunu uğur saymaq olar?

- ⁠Bizim adımıza uğur saymaq olar. Ən azından çempionatda alınmasa da, kuboku götürmək istəyirdik. Qələbəyə yaxın idik. “Qarabağ”dan sonra həm çempionatda, həm də kubokda ikinci yer “Zirə”nin uğurudur.

- ⁠Bu mövsüm “Zirə” barədə müxtəlif fikirlər var idi. Mövsümə yaxşı başlamışdız, ardınca zəif çıxış etdiz. Bu məqamlar olmasaydı, tamam başqa “Zirə” görmək mümkün idi?

- ⁠Bəlkə də həmin vaxt qazanılan xallar Premyer Liqanın bitməsinə 4-5 tur qalmışa qədər çempionluq şanslarımızı qoruyub saxlayardı. Amma ümumi olaraq futbolda belə hallar olur. Qara zolağa düşmüşdük. Bilirdik ki, buradan çıxacağıq. O xallar qazanılsaydı, “Qarabağ”la ən azından eyni səviyyədə gedə bilərdik.

- ⁠”Sabah”dan sonra “Zirə”də sanki özünüzü tapdız.

- ⁠Bir futbolçunun inkişafı yalnız çox oynamaqdır. Daha çox heyətə düşdüm və “Zirə”də bu da məni inkişafa doğru apardı. Milliyə də yenidən qayıtdım.

- ⁠Avroliqa təcrübəsindən yəqin ki, sən də yararlanmaq istəyirsən. Bu barədə nə düşünürsən?

- ⁠Bu, karyeramda bir ilk olacaq. Həmin günü səbirsizliklə gözləyirəm. Avropa Liqası bir məğlubiyyət haqqı da verir. Bu da bizim üçün yaxşıdır. Əsas məqsədimiz də bura düşmək idi. Bu pillədə başlamağımız bizə üstünlükdür.

- ⁠Azərbaycan millisinin keçirəcəyi iki yoxlama matçı barədə nə düşünürsən?

- ⁠Güclü rəqiblərdir. Albaniya Avropa çempionatında iştirak edəcək. Qazaxıstan da buna yaxın idi. Milli komandaya gediriksə, meydana yalnız və yalnız qələbə üçün çıxacağıq.

Banuçiçək Hüseynli
İdman.biz